"Azərbaycan hökuməti bizi addımlar atmağa vadar edir" - Con Makkeyn

25-05-2016 12:42 / Bu xəbər 3248 dəfə oxundu

''Azərbaycan hakimiyyəti bütün xalqın imicini korlayır''

ABŞ senatoru və prezidentliyə sabiq Respublikaçı namizəd Con Makkeyn "Amerikanın Səsi"nin Azərbaycan xidmətinə müsahibəsində Azadlıq Radiosunun jurnalisti Xədicə İsmayılın həbsini pisləyib. 

Azərbaycan hökumətinin bu addımının hiddət doğurduğunu deyən nüfuzlu ABŞ senatoru Xədicəni azad etməyəcəyi, və ümumiyyətlə insan haqlarına hörmət etməməkdə davam edəcəyi təqdirdə, Azərbaycan rəhbərliyinə qarşı addımlar atılacağını bəyan edib.

- Azadlıq Radiosunun jurnalisti Xədicə İsmayıl Azərbaycan prezidenti İlham Əliyev və onun ailə üzvlərinin biznes vəsaitlərinə dair araşdırmaçı məqalələr dərc etdikdən az sonra həbs edildi. Xədicənin həbsi sizin üçün nə deməkdir? Bunun mühümlüyü nədədir?

- Fikrimcə, Xədicənin həbsi onun özündən də qat-qat geniş dairəni əhatə edir. Çünki o, korrupsiyanı aşkar və ifşa edən cəsarətli və cəsur qadındır. Xədicənin həbsi ilə hökumət Azərbaycanda demokratiya və mətbuat azadlığı uğrunda mübarizə apara biləcək hər bir kəsə eyni cəza ilə üzləşəcəklərinə dair siqnal göndərir. Ona görə də, bu, yalnız onun hekayəsi deyil, Xədicə Azərbaycanda islahata olan ehtiyacın simvoludur. Onun sadəcə öz işini gördüyünə görə həbs olunması hiddət doğurur.

- Konqresdə Qlobal Maqnitsky Aktının qəbuluna dair müzakirələr dolaşır ki, bu qanun layihəsi insan haqlarını pozan xarici dövlət rəsmilərini hədəf alır. Siz bu qanun layihəsini dəstəkləyirsinizmi?

- Onlar Xədicəni həbsdə saxlayacaqları təqdirdə - daha mühüm olaraq - insan haqlarını pozmaqda davam edəcəkləri təqdirdə, mən Azərbaycan hökumətinə qarşı addımlar atmağın tərəfdarıyam. Maqnitski Aktı dünya boyu diktatorları vahiməyə salıb. Əlbəttə ki, biz bu seçimi ciddi şəkildə nəzərdən keçirməliyik. Ümid edirəm ki, biz o mərhələyə çatmamış Xədicə azad ediləcək.

- Sizcə, Xədicənin davamlı həbsi ABŞ-Azərbaycan münasibətlərinə necə təsir göstərir?

- Məndə şübhə yoxdur ki, onun həbsinin davam etməsi öz təsirini göstərəcək, çünki biz insan haqlarını və mətbuat azadlığını dəstəkləyirik. Bu hökumət belə görünür ki, beynəlxalq normalara məhəl qoymur. Ümid edirəm ki, onlar anlayacaqlar ki, günahsız adamın öz mətbuat azadlığı hüququndan yararlandığına görə həbsdə saxlanılması nəinki nəzərdən qaçırılmayacaq, bu hərəkət bizi müəyyən addımlar atmağa vadar edir.

- Sizin Azərbaycan hökumətinə mesajınız nədir?

- Mənim Azərbaycan hökumətinə mesajım budur ki, mən uzun müddət Azərbaycan hökumətinin dostu olmuşam. Mən onlardan çoxunu tanıyıram. Özüm orada olmuşam. Bu, düzgün hərəkət deyil. Onlar bütün xalqın imicini korlayırlar. Azərbaycanlılar yaxşı, gözəl insanlardır. Bu hərəkət onların imicinə ziyan vurur.

Arqument.Az