94 yaşlı Əhməd Əhmədovun otel sahibi olmasına niyə çoxu inandı?

94 yaşlı Əhməd Əhmədovun otel sahibi olmasına niyə çoxu inandı?

16-07-2020 16:21 / Bu xəbər 2542 dəfə oxundu

Və ya benefisiar sahib kimdir?

Bu günlərdə Bakıdakı otellərdən birində polis koranavirusla bağlı karantinin pozulmasına görə əməliyyat keçirdi. O zaman hüquqşünas Rüfət Səfərov sosial mediada yazmışdı: "Otelin sahibi, Zərdab rayonu, Bıçaqçı kənd sakini, 1926-cı il təvəllüdlü Əhmədov Əhməd Əhməd oğlunun olduğu yer müəyyən edilərək məsuliyyətə cəlb olunmasından ötrü tərəfimizdən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir”. 

O, bunu zarafatla yazsa da, sosial mediada 94 yaşlı ucqar kənd sakininin Bakıda məşhur otelin sahibi çıxacağına inananlar da tapılmışdı. Səbəbsiz də deyildi. 

Son illər Azərbaycanda şirkətlərin, qurumların bığ yeri tərləməmiş gənclərin, yaşlı-ahıl, sürücülüklə, fəhləliklə dolanan, başının üstündə yaşamağa damı olmayan ağlasığmaz sahibləri az olmayıb, gerçək sahiblər izlərini itirmək üçün ara-sıra bu cür yollara əl atırlar.  

Buna deyirlər benefisiar sahiblik. Benefisiar sahiblik – bir və ya bir neçə nəfərin hər hansı şirkətin faktiki, yaxud dolayı sahibi olması və yaxud şirkətin formal sahiblərinə nəzarət imkanına malik olması, həmin şirkətin maliyyə və qeyri-maliyyə aktivlərindən birbaşa və ya dolayı yolla bəhrələnməsi deməkdir. 

Şirkət sahibləri niyə gizlənir?

"Azərbaycanda bir çox şirkətlər var ki, onlarla tenderdə qalib gəlir və bəlli olmayan səbəblərdən bu fərqli sahələri əhatə edir. Tutalım, Mingəçevirin icra hakimiyyəti yalnız bir şirkətlə müqavilə imzalayır. Bu şirkət haqda məlumat əldə etmək istədikdə onun ancaq qanuni təmsilçisini görürük, bu da sonuncu qərar verən şəxs deyil. Sonuncu qərar verən şəxsin məmur olduğunu biləndə bunun korrupsiya olduğunu başa düşəcəyik”, - iqtisadçı Toğrul Maşallı izah edir. 

İqtisadçı professor, Demokratiya və Rifah Hərəkatının sədri, hazırda ABŞ universitetlərindən birində dərs deyən Qubad İbadoğlunun fikrincə, Azərbaycanda maddi imkanı olan şəxslər "cinayət xarakterli iqtisadi araşdırmaları, fəaliyyətlərinin təftişinə yönələn təşəbbüsləri düşünərək gəlirlərini gizlədilməsinə çalışırlar”.
 
O, bunu həm də ölkədəki korrupsiya mühiti ilə əlaqələndirir: "Ölkədə açıq iqtisadiyyat yoxdur, gizli iqtisadiyyat daha çox inkişaf edib. Qazananlar da bilir ki, bu gizli iqtisadiyyatdan əldə olunan gəlirdir, ölkədə çirkli pullar çoxdur”. 

Ekspertlərin fikrincə, benefisiar sahibliyin açıqlanması sayəsində vergidən yayınmaların qarşısı alına, həmin sektorda korrupsiya imkanları məhdudlaşa, bu fəaliyyətdən bəhrələnənlər barədə məlumatlar açıqlanmaqla gizli iqtisadiyyat leqallaşa bilər. 

"Hər bir şirkətin sahibi və onun fəaliyyətindən faydalananlar barəsində məlumat açıq olmalıdır”, - Q. İbadoğlu söyləyir. 

"Ancaq Azərbaycanda kommersiya sirri haqqında qanuna görə nəinki şirkətin fəaliyyətindən faydalananlar, hətta şirkətin rəsmi sahibləri, təsisçiləri haqqında məlumatlar da kommersiya sirri sayıldığından bu məlumatlar açıqlanmır. Yəni bu, şirkətlər barəsində informasiya əldə etməyə çətinlik yaradır”. 

İqtisadçılar məhz bu səbəbdən də gerçək sahiblər – qazancdan faydalananlar haqqında məlumatların az qala yeddi qıfıl arxasında gizlədildiyini söyləyirlər.

"Azərbaycan dövləti benefisiar sahibliyin inkişafında maraqlı olan dövlətlərdən biridir”

Amma bununla razılaşmayanlar da var. 

Deputat Vüqar Bayramovun  sözlərinə görə, "Azərbaycan dövləti benefisiar sahibliyin inkişafında maraqlı olan dövlətlərdən biridir”.  

O deyir ki, bu sahədə şəffaflığın olması nəticədə əməliyyatların açıq şəkildə izlənilməsinə və fiskal gəlirlərin daha şəffaf şəkildə forrmalaşdırılmasına və artırılmasına xidmət etmiş olacaq. 

Deputat fikriini əsaslandırmaq üçün 2019-cu ildən Azərbaycanda gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın daha da artırılmasının müşahidə edildiyini vurğulayır. 

O, bunun eyni zamanda qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsində özünü göstərdiyini qeyd edir. 

"Son ilyarımda yeni bağlanmış əmək müqavilələrinin sayı 200 mindən artıqdır. O baxımdan həm benefisar sahiblik, həm də bütünlükdə iqtsadiyyatda şəffaflığın daha da artırılması ilə bağlı fəaliyyətlər davam edir, bu prioritet olaraq alacaq”.  

Dövlətlər öhdəlik götürür, Azərbaycan isə...

Son bir neçə ildə benefisiar sahibliyin açıqlanması təşəbbüs olaraq dünyada populyarlaşır, dövlətlər bununla bağlı öhdəliklər götürür, beynəlxalq qurumlar tələblərini sərtləşdirirlər.

Avropa Parlamentinin 2015-ci ilin mayında "Çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə 4-cü qətnamə”sində deyilir ki, Avropa Birliyinin üzvü olan bütün ölkələr benefisiar sahibliyə dair reyestr yaratmalı, dövlət və hüquq-mühafizə orqanlarının oradakı məlumatlara çıxışını təmin etməlidilər. 

Reyestr niyə lazımdır?
 
Sualın cavabını iqtisadçı Toğrul Maşallı verir: "Bütün dünyada bir şirkət əməkdaşlıq haqda qərar verəndə, başqası haqda məlumat almaq istəyəndə adətən reyestrə müraciət edir ki, onun direktoru, sahibi haqda məlumat alsın. Azərbaycanda təəssüf ki, bu məlumatlar gizlidir, kommersiya sirri sayılır. Hər bir məlumat üçün konkret olaraq həmin şirkətin özünə müraciət etməli olursunuz, yəni müstəqil, neytral olan reyerstrə yox. Siz orda sonuncu qərar verən kimdir, öyrənə bilmirsiz”.

Yerli mütəxəssislər Azərbaycanın bu istiqamətdə konkret iş görmədiyi qənaətindədirlər. Onlar bu məsələdə region dövləti kimi daha çox Ukraynanı misal çəkirlər. Ukraynada biznes fəaliyyəti göstərən bütün hüquqi şəxslər benefisiar sahiblərinə dair məlumatları Vahid Dövlət Reyestrinə təqdim edməlidilər.

"Bir çox ölkələrdə, məsələn, Ukraynada elə bir portal yaradıblar ki, orda ölkədə fəaliyyət göstərən şirkətlər barəsində məlumatlar yerləşdirilir. Hansısa şirkətin sahibi, payçılarını öyrənmək istəyirsənsə həmin portala daxil olmaqla bütün məlumatları əldə edə bilirsən. Ukraynada bu yalnız mədən sənayesi ilə məhdudlaşmır, bütün sektorlar üzrə məlumatlar yerləşdirilir və ictimaiyyətə əlçatandır”, - Q.İbadoğlu danışır.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü icra edən region ölkələri arasında benefisiar sahibliyin açıqlanması tələbini qanunvericiliyə daxil edən ilk ölkə Ukraynadır. Bu ölkədə 2015-ci ilin fevralından "Cinayət yolu ilə əldə edilmiş çirkli pulların yuyulmasının, terrorun və kütləvi qırğın silahlarının yayılmasının maliyyəlllərdəəşməsinə qarşı mübarizə və qarşısının alınması haqqında” qanun qüvvəyə minib. 

Bu qanunda benefisiar sahibkar anlayışının dəqiq izahı verilib. Yəni qurumun formal sahibinin kimliyindən asılı olmayaraq, hər hansı hüquqi şəxsin fəaliyyətinə təsir etmək imkanlarına malik fiziki şəxs benefisiar sahibdir. Bu zaman benefisiar sahib hüquqi şəxsin bütün aktivlərinə və ya aktivlərinin əhəmiyyətli hissəsinə, idarə orqanına(direktora) əmr vermək, yaxud onun funksiyasını həyata keçirmək imkanına, hüquqi şəxsdə birbaşa və ya dolayı yolla 25 faiz və daha artıq paya malik ola bilər.

Həmin qanuna görə, hüquqi şəxsin nizamnamə kapitalının 25 faiz və daha artıq hissəsinə formal sahiblik və ya səs hüququna malik olan, ancaq vasitəçi rolunu oynayan şəxslər benefisiar sahibkar ola bilməzlər. 

Qubad İbadoğlunun sözlərinə görə, benefesiar sahibliklə bağlı yaxşı nümunələrdən biri də Qırğızısrtanda yaradılıb, Gürcüstan, Ukrayna isə bu sahədə xeyli irəli getmiş ölkələrdir. 

Azərbaycana gəlincə, bir neçə il qabaq ilkin addımlar atılsa da, beynəlxalq qurumlarla layihələrə başlanılsa da, yarımçıq qalıb. 

"Dövlət  Neft Fondu yol xəritəsi də hazırlamışdıq. "Benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə yol xəritəsi” adlanırdı. Yol xəritəsində hesabatlılığa keçid istiqamətində addımların atılması, eləcə də qanunvericilikdə nələrin dəyişməsi nəzərdə tutulurdu. Bütün bunlar 2020-ci ilə kimi gerçəkləşdirilməli idi”.

Bəs niyə 2020-ci ilə kimi? Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Beynəlxalq Koalisiyasının qərarına görə, 2020-ci ildə bütün üzv ölkələr benefisiar sahibliklə bağlı hesabat vermələridirlər. 

Amma Azərbaycan bir neçə ildir ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü tərk edib və bununla beynəlxalq səviyyədə bu öhdəlikdən imtina etmiş oldu. Professor Q.İbadoğlu bunu Azərbaycanın belə hesabatların açıqlanmasına hazır olmaması ilə bağlayır.  

"Dövlət Neft Fondu məlumatlara əlçatanlığı təmin edib” 

Deputat Vüqar Bayramov isə fərqli fikirdədir. Onun sözlərinə görə, Azərbaycan benefisiar sahibliyi dəstəkləyən ölkələrdəndir və bəzi addımlar atıldığını da qeyd edir: "Xüsusən 2017-ci ildən bəri benefisar sahibliyin dəstəklənməsi və bu istiqamətdə fəaliyyətlərin  genişləndirilməsi üçün hətta beynəlxalq maliyyə qurumları ilə, o cümlədən Asiya İnkişaf Bankı ilə Dövlət Neft Fondu arasında xüsusi layihə icra olunmuşdu. Bu layihənin də məqsədi məhz benefesiar sahiblik prinsiplərinin Azərbaycan üçün müəyyənləşdirilməsidir və ölkədə bunun tətbiqinin genişləndirilməsinə nail olmaqdır. Bununla bağlı xüsusi yol xəritəsinin hazırlanması və tətbiqi də nəzərdə tutulurdu”.

Deputatın söylədiyinə görə, bu yöndə işlərin görülməsi şəffaflığın daha da artırılması baxımından vacibdir. Ancaq o etiraf edir ki, Azərbaycanda mədən sənayesi istisna olmaqla digər şirkətlərlə bağlı məlumatlar əlçatan deyil. 

"Hələlik benefisiar sahibliklə bağlı daha çox neft-qaz sektorunda çalışan şirkətlərin cəlb edilməsi həyata keçirilir. Məqsəd kommersiya sirri hesab olunmayan məlumatlara əlçatanlığın təmin edilməsi və ya gücləndirilməsidir”, - deputat deyir. 

O əlavə edir ki, məlumatların, xüsusən də neft-qaz sektorunda məlumatlara çıxış imkanlarının daha da gücləndirilməsi indiki dövrdə prioritetdir. 

"Etiraf etmək lazımdır ki, Dövlət Neft Fondu neft və qaz satışından əldə olunan gəlirlərin xərclənməsi ilə bağlı məlumatlara əlçatanlığı təmin edib. Praktik olaraq Fond həm rüblük, həm də illik hesabatlar hazırlayır, ictimaiyyətə təqdim olunur, qurumun internet səhifəsində yerləşdirilir. Hər bir vətəndaş həmin hesabatlarda neft və qaz satışından əldə olunan gəlirlərin xərclənməsi, ümumi gəlirlərlə bağlı məlumat almaq imkanına malikdir. Hesabatlar ingiliscə olduğundan beynəlxalq ictimaiyyətə üçün də əlçatanlığı təmin edilmiş olur”.

Qubad İbadoğlu da Azərbaycanın Təşəbbüsdən çıxsa belə  Mədən Sənayesində Şəffaflıq Koalisiyası çərçivəsində şirkətlərin ödənişləri barəsində məlumatları ildə bir dəfə hesabat şəklində dərc  etdiyini söyləyir. O da hesabatların neft və qaz sənayesində fəaliyyət göstərən şirkətlərə aid olduğunu, başqa şirkətlərin belə məlumatlar vermədiyini bildirir. Ancaq əlavə edir ki, həmin hesabatlar populyar deyil, "izahatı, ictimailəşdirilməsi ilə bağlı işlər çox zəifdir”. 

"Hasilatın pay bölgüsü kontraktlarının sayı 26-dır, amma onun yalnız 4-nə çıxış var” 

Qubad İbadoğlu ölkədə mədən sənayesində şəffaflıq, hesabatlılıq olmadığı qənaətindədir: "İldə bir dəfə mədən sənayesi gəlirlərinin açıqlanması doğrudur. Ancaq bu mədən sənayesində fəaliyyət göstərən şirkətlərin ödənişlərinə dair məlumatları təqdim etməyə imkan vermir. Bir nümunə, hasilatın pay bölgüsü kontraktlarını dərc etməlidirlər.

Azərbaycanda hasilatın pay bölgüsü kotraktlarının sayı 26-dır, amma onun yalnız 4-nə çıxış var. Azərbaycanda hətta mədən sənayesində pay bölgüsü kontraktları dərc olunmur. 

Təsəvvür edin, 2017-ci il sentyabrın 14-də Azəri-Çıraq-Günəşli yatağının 2050-ci ilə kimi uzadılması ilə bağlı kontrakt imzalandı. Ancaq indiyə qədər o kontrakt dərc edilməyib. Bilinmir ki, mənfəət bölgüsü necə müəyyənləşib, mənfəətin neçə faizi Azərbaycana çatacaq, neçə faizi şirkətlərə.  Çox sadə məlumatdır, amma bunları əldə etmək olmur. Hətta parlament onu ratifikasiya edəndə o kontraktı görmür, görmədən ratifikasiya edir”. 

Bu durumda yerli mütəxəssislər  hesab edir ki, Azərbaycan beynəlxalq qurumlarla əməkdaşlıqdan çəkinməməli, şəffaflığın təminatı üçün benefisiar sahiblik sahəsində daha ciddi addımlar atmalıdır, xüsusən də nə vaxt bitəcəyi bəlli olmayan pandemiya dövründə yerli iqtisadiyyatın yaşadığı ağır günlər bunu zəruri edir. 
 
Yazı müəllifi hökumətin bununla bağlı hansı mövqedə olduğunu öyrənməyə çalışsa da, bu mümkün olmayıb.  

Arqument.az