Abituriyentlər DİM-i sualı düzgün tərtib etməməkdə günahlandırırlar
13-08-2021 23:01 / Bu xəbər 1255 dəfə oxundu
Ekspert də cavabın abituriyentlərin xeyrinə həll edilməsini təklif edir
Bir qrup abituriyent Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 14-də III qrup üzrə keçirilən imtahanlarının nəticələrindən narazıdırlar.
Məsələ sosial şəbəkələrdə də müzakirə olunur.
Şikayətçilər deyirlər ki, "Tarix" fənnindən salınmış suallardan birinin tərtibatı düzgün deyil və bir çox abituriyent bu suala görə baldan məhrum edilib.
"Cavab dərsliyə uyğun hesablanmayıb"

Onlar sualın cavabının dərsliyə uyğun götürülmədiyini iddia edirlər: "Dövlət İmtahan Mərkəzinin 2021-ci il 14 iyul tarixində III qrup üçün keçirdiyi imtahanın D variantındə 53-cü sualda problem var. Burada düzgün cavabı DİM 1,4 götürüb, halbuki 3-də (1, 3, 4) doğrudur. Çox abituriyent də hər 3 cavabı qeyd edib, amma DİM bunu düzgün saymır. Təhsil eksperti Kamran Əsədov da 105-ci səhifəni əsas gətirərək, bu sualın abituriyentlərin xeyrinə həll olunmasını təklif etmişdi. Dövlət İmtahan Mərkəzinin eksperti, abituriyentlərin apelyasiya şikayətini araşdıran və tarix müəllimi kimi özünü təqdim edən şəxs deyir ki, 105-ci səhifədə müharibə deyil, fəal mübarizə yazılıb. Ona görə də DİM 3-cü cavabı doğru saymayıb. Bu qənaətdən çıxış etsək, Amid, Dzirav, Kadisiyyə döyüşlərində albanlar sasanilərin tərkibində ərəblərə qarşı vuruşublar, sasanilərə ərəblərə qarşı döyüşdə yardım ediblər, yəni dərslikdə albanların sasanilərin tərkibində qarşı tərəfə fəal mübarizəsi kimi qeyd edilir. Nə üçünsə DİM Amid, Dzirav, Kadisiyyə döyüşlərində albanlarla ərəblərin döyüşməsi kimi qəbul edir, hətta dərsliklər belə, Cavanşirin ərəblərə qarşı mübarizəsi başlığı altında mövzular salır. Bir dövlətin tərkibində başqa dövlətə qarşı fəal mübarizə müharibə deyilsə, dostluqdur? Bundan başqa, 1468-1469-cu illərdə baş verən Muğan döyüşündə Səfəvilərin Ərdəbil hakimi Şeyx Heydər ağqoyunlu Həsən padşaha qarşı döyüşüb. Bu da mı müharibə deyil?"
DİM-in "Feysbuk" səhifəsində tarix fənni üzrə ekspert Hafiz Cabbarov da bir neçə gün öncə 1,3-cü bəndin doğru cavab olduğunu qeyd edib.

"Üstəlik, 2018-ci il 7-ci sinif Azərbaycan tarixi dərsliyinin 82 və 83-cü səhifəsində 1405-ci il Kür çayı sahilində döyüşdə Səfəvilərin Ərdəbil hakimliyi Şirvanşahlarla bərabər Teymurilərə qarşı vuruşub. Eyni zamanda, həmin dərsliyin 105-ci səhifəsində qeyd olunur ki, Uzun Həsən Teymurilərə qarşı öz müridləri ilə mübarizə apardığı üçün Şeyx Heydəri Ərdəbildə hakimiyyət başına gətirir. Həmçinin 10-cu sinif 2017-ci il Azərbaycan tarixi dərsliyinin 27-ci paraqraf 116-və 117-ci səhifəsində Ərdəbildə Teymurilərə qarşı üsyanların qalxdığı qeyd olunur. Bütün bunlar Teymurilərin Səfəvilərə və ya əksinə Səfəvilərin Teymurilərə qarşı mübarizəsidir", - şikayətçilər yazırlar.

"Sualda Səfəvi dövləti də yazılmayıb ki, abituriyentlər suala görə hərəkət etsinlər, sualda Səfəvilər qeyd olunur, Səfəvilər isə geniş bir anlamdır, dövlət olaraq 1501-ci ildə Şah İsmayıl tərəfindən yaranan Səfəvilər dövlətə qədər də Səfvilər adlanırdı. 13-cü əsrdə Ərdəbil hakimliyinin əsasını qoymuş Şeyx Səfiəddin Ərdəbili, Şah İsmayıla qədər olmuş Şeyx Heydər, Şeyx Cüneyd də Səfəvilər sayılır. Ayrıca, Ərdəbil hakimliyi də tarix kitablarında Səfəvilərin Ərdəbil hakimliyi kimi yazılır. Bütün bunlara məntiqli cavab istəyirik", - şikayətçilər qeyd ediblər.
Arqument.az-a danışan bir neçə abituriyent apelyasiya şikayəti verdiyini də qeyd edib.
"Bu test tapşırığının cavabı abituriyentlərin xeyrinə həll olunsun"

Təhsil eksperti Kamran Əsədov da bu məsələdə abituriyentlərin haqlı olduğunu deyir: "DİM tərəfindən keçirilən qəbul imtahanında III ixtisas qrupu üzrə C variantı sual kitabçasında 54-cü test tapşırığı, D variantlı test tapşırığında 53 saylı test tapşırığında səhv var. Belə ki, DİM doğru etalon cavablarda doğru cavab kimi 1,4 götürüldüyü halda, əslində 3-cü bənd doğrudur. Çünki Orta məktəb dərsliyinə əsasən Şeyx Heydər teymuri Əbusəidə qarşı mübarizə aparıb. Təklif edirəm ki, bu test tapşırığının cavabı * (ulduz) ilə işarələnib abituriyentlərin xeyrinə həll olunsun".












