Zelenski: "Rusiyanın məqsədi Avropanı parçalamaqdır"

Zelenski:

28-04-2022 18:11 / Bu xəbər 5274 dəfə oxundu

"Bütün sivil dünya dərk edir ki, Rusiya Ukraynada dayanmayacaq. Ona görə də bizə işğalçılarla mübarizə aparmağa kömək edir".

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram” kanalında yazıb.

Zelenski bildirib ki, azad dünyada hamı Rusiyanın Ukraynaya qarşı müharibəsinin yalnız başlanğıc olduğunu bilir: "Azad dünyada demək olar ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin yalnız başlanğıc olduğunu anlamayan insanlar qalmayıb. Rusiya rəhbərliyinin son məqsədi təkcə Ukrayna ərazisini ələ keçirmək deyil, bütün Avropanın mərkəzi və şərqini parçalamaqdır. Bu isə demokratiyaya qlobal zərbədir”.

"Azad dünyanın isə özünümüdafiə hüququ var və bu səbəbdən Ukraynaya daha çox kömək edəcək”, - deyə Zelenski vurğulayıb. 

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.