ABŞ Azərbaycandakı seçkiləri “diqqətlə izlədiyini” deyir

ABŞ Azərbaycandakı seçkiləri “diqqətlə izlədiyini” deyir

06-02-2024 14:11 / Bu xəbər 477 dəfə oxundu

Patel seçkilərlə bağlı ATƏT-in rəylərinə istinadı tövsiyə edir

ABŞ fevralın 7-də Azərbaycanda keçiriləcək Prezident seçkisini "diqqətlə” izlədiyini bəyan edib.

Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel "Turan”ın müxbirinin sualına cavabında belə deyib.

Jurnalist seçkilər və ATƏT-in məhdudiyyətlərlə bağlı müəyyən narahatlıq ifadə olunan aralıq hesabatı ilə bağlı da ABŞ-ın mövqeyini öyrənməyə çalışıb.

Patel isə cavabında seçki ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (ATƏT/DTİHB) müraciət etməyi tövsiyə edib: "Azərbaycanda prezident seçkilərini diqqətlə izləyirik. Qarşıda duran seçkilər haqqında rəylərlə bağlı ATƏT DTİHB-nin seçkiləri müşahidə missiyasına üz tutmağınızı tövsiyə edirəm”.

Fevralın 4-də ATƏT DTİHB-nin İsveçdən olan qısamüddətli müşahidəçisi Nik Guggerin Azərbaycana girişinə icazə verilməyib.

O, Bakı Hava Limanından geri qaytarılıb.

ATƏT DTİHB missiyası ötən həftə sonuncu aralıq hesabatında qeyd edib ki, Azərbaycanda ifadə azadlığına, KİV azadlığına və informasiya əldə etmək hüququna zəmanət verilir.

2023-cü ilin ilin noyabrından etibarən isə Azərbaycanda ən az 10-a yaxın jurnalist həbs olunub.

Fevralın 5-də isə Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini Prezident seçkiləri zamanı internetdən istifadə və pulsuz məlumat əldə etmək imkanını təmin etməyə çağırıb.

Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçiriləcək.

İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Prezidentliyə namizədlər – ölkə başçısı İlham Əliyev, deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.

Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.

Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.

AXCP, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkisi 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçki də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.