ABŞ Azərbaycanı ATƏT-in tövsiyələrini yerinə yetirməyə çağırdı

ABŞ Azərbaycanı ATƏT-in tövsiyələrini yerinə yetirməyə çağırdı

09-02-2024 02:06 / Bu xəbər 610 dəfə oxundu

Səfirlik seçkilərin həqiqi rəqabətin olmadığı bir mühitdə baş verdiyini deyir

ABŞ-ın Azərbaycandakı səfirliyi fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb.

Səfirlik seçkilərin həqiqi rəqabətin olmadığı məhdud mühitdə baş verməsi ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) monitorinq missiyasının mövqeyini və narahatlıqlarını bölüşdüyünü bildirib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiriliyinin fevralın 8-də yaydığı açıqlamada qeyd olunub.

Səfirlik bildirib ki, Azərbaycan öz Konstitusiyasında və beynəlxalq öhdəliklərində fundamental azadlıqların və demokratik proseslərin dəstəklənməsinə sadiqliyini ifadə edib: "Biz Azərbaycanı bu öhdəlikləri və ATƏT-in DTİHB-nin əvvəlki və gələcək tövsiyələrini yerinə yetirməyə çağırırıq".

Fevralın 8-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb.

Sənəddə seçkiyə hazırlıq zamanı həqiqi plüralizmin olmadığı, tənqidi səslərin davamlı olaraq boğulduğu qeyd olunub: "Birləşmək və ifadə azadlıqlarına uzunmüddətli məhdudiyyətlər son qanun dəyişiklikləri ilə gücləndirilib və beynəlxalq demokratik standartlara uyğun gəlməyən qanunvericiliklə nəticələnib. Seçki Məcəlləsinin təfərrüatlı olmasına və seçki prosesinin bütün aspektlərini tənzimləməsinə baxmayaraq, son düzəlişlər DTİHB-nin əvvəlki tövsiyələrini diqqətdən kənarda qoyub”.

DTİHB missiyasının rəhbəri Eoqan Mörfi bildirib ki, seçkiyə hazırlıq səmərəli və peşəkar olsa da, seçki günü mühüm təminatlara çox vaxt məhəl qoyulmur: "Biz gün ərzində əsaslı prosedur səhvləri müşahidə edirdik. Bu, demokratik seçki standartlarına uyğun deyil”.

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirilib.

Seçkiyə 7 namizəd qatılıb.

Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edib.

Mərkəzi Seçki Komissiyası fevralın 8-də seçkinin ilkin nəticələrini elan edib.

MSK sədri Məzahir Pənahov bildirib ki, ilkin nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə Prezident seçkilərində liderlik edir.

"Fuad Əliyev – 24 min 799 səs (0,53 faiz); Qüdrət Həsənquliyev – 81 min 799 səs (1,76 faiz); Elşad Musayev- 31 min 33 səs (0,67 faiz); Fazil Mustafa – 92 min 980 səs (2 faiz); Razi Nurullayev- 37 min 386 səs (0,80 faiz); Zahid Oruc-101 min 851 səs (2,19 faiz)”.

Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar bu müddət fevralın 17-dək olan dövrü əhatə edir.