ABŞ Azərbaycanın 40-dan çox məmuruna sanksiya qoya bilər

ABŞ Azərbaycanın 40-dan çox məmuruna sanksiya qoya bilər

22-04-2024 17:48 / Bu xəbər 372 dəfə oxundu

Konqresə qanun layihəsinin təqdim ediləcəyi gözlənilir

Dina Tiinus başda olmaqla, bir qrup Amerika konqresmen bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır.

Bu barədə "Turan”a ABŞ Konqresindəki mənbələrdən məlumat verilib.

Bildirilir ki, layihədə ölkədə qanunun aliliyi və insan hüquqlarının pozulmasında fəal rol oynayan 40-dan çox Azərbaycan məmuruna sanksiya nəzərdə tutulur: "Onların arasında hərbçilər, hakimlər, müstəntiqlər və yüksək vəzifəli şəxslər də var. Söhbət Müdafiə Nazirliyi, Baş Prokurorluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, DİN, DTX, Penitensiar Xidmət, Dövlət Sərhəd Xidməti və Prezident Administrasiyasındakı məmurlardan gedir”.

Ancaq məlumatda hələ ki konkret adlar çəkilmir.

Məlumatda deyilir ki, qanun layihəsində Bayden administrasiyasına ABŞ qanunvericiliyi, həmçinin "Qlobal Maqnitski” Aktı  çərçivəsində 180 gün ərzində qeyd edilən şəxslərə sanksiyalar haqqında qərar qəbul etmək çağırışı yer alacaq: "Layihənin qəbul edilməsi Azərbaycanda hökumətin müxalifətə qarşı sərt repressiyaları və insan hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıqla izah olunur. Xüsusən, Qubad İbadoğlu da daxil olmaqla, müxalifət liderlərinin, fəalların və hökuməti tənqid edənlərin həbs edilməsi xatırladılır. Müəlliflər qeyd edirlər ki, 6 mart 2024-cü il tarixində Azərbaycan hakimiyyəti müstəqil KİV-lərə davam edən təqib çərçivəsində Bakıda altı jurnalisti saxlayıb və onlara qarşı əsassız qaçaqmalçılıq ittihamı irəli sürüb”, – deyə məlumatda qeyd olunur.

Eyni zamanda, layihədə erməni əsirlərin hüquqlarının pozulduğu deyilir: "Bu, Azərbaycan hökumətinin insan hüquqlarına sadiqliyi və ədalətli və möhkəm sülh haqqında danışıqlar aparmaq qabiliyyətini ciddi sual altına qoyur”.

Aprelin 3-də Azərbaycanın Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olmuşdu.

Dövlət katibi E.Blinken İ.Əliyevi Azərbaycanı üzərinə götürdüyü insan hüquqları və əsas azadlıqlara dair beynəlxalq öhdəliklərə əməl etməyə və haqsız yerə həbs edilən şəxsləri azad etməyə çağırsa da, ikinci bunun ölkənin daxili işi saymışdı.

"Prezident İlham Əliyev bildirib ki, insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir. Bir sıra Qərb ölkələrinin bu məsələ ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmirik. Bu xüsusda ölkə başçısı Entoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu kontekstdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib”, – deyə rəsmi açıqlamada vurğulanırdı.