ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

14-05-2024 13:48 / Bu xəbər 683 dəfə oxundu

İradə Axundova 2021-ci ildə Azərbaycanda "Tərəqqi” medalı ilə təltif edilibmiş

Azərbaycandan rüşvət almaqda ittiham olunan ABŞ Nümayəndələr Palatasının üzvü Henri Kuellarla həyat yoldaşı İmelda Kuelların işində üçüncü şəxsin adı məlum olub.

Bu şəxsin azərbaycanlı İradə Axundova olduğu bildirilir.

Bu barədə mayın 13-də "Texastribune” saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İradə Axundova mayın 1-də Azərbaycan hökumətinin və Dövlət Neft Şirkətinin agenti kimi qanunsuz fəaliyyət göstərməkdə təqsirli bilinib: "Bu, Xarici Agentlərin Qeydiyyatı Aktının pozulmasıdır. Axundova apreldə ittiham olunan konqresmenin həyat yoldaşı İmelda Kuellara 60 min dollar ödəməyə kömək etdiyini etiraf edib”.

Bildirilir ki, İradə Axundova hər hansı məhkəmə prosesində, o cümlədən böyük münsiflər heyətində ifadə verməyə və iddia razılaşmasına əsasən, federal hökumətin Kuellara qarşı apardığı araşdırma ilə bağlı sənədləri təqdim etməyə razılaşıb: "Onu 5 ilə qədər həbs cəzası və 250.000 dollara qədər cərimə gözləyir”.

"İradə Axundova 20 ilə yaxındır ki, Texas şəhəri ilə Azərbaycanın paytaxtı arasında əlaqələr quran qeyri-kommersiya təşkilatı olan Hyuston-Bakı Qardaş Şəhər Assosiasiyasının prezidenti vəzifəsində çalışıb. İddia müqaviləsində Axundova Texas Azərbaycanlı-Amerika icmasının fəal üzvü kimi göstərilib. Məhkəmə iddiasında bildirilir ki, o, təxminən 2014-cü ildən 2017-ci ilə kimi Bakıda yerləşən şirkətin ABŞ-dakı filialının direktoru vəzifəsində çalışıb”, – deyə məlumatda vurğulanır.

Həmçinin bildirilir ki, Axundova Texas konqresmeninə qarşı federal araşdırmanın bir hissəsi olaraq təqsirli bilinən üçüncü şəxsdir: "Axundovanın etirafına əsasən, İmelda Kuellar konsaltinq şirkətinin sahibi kimi çıxış edirdi. O guya Axundovanın idarə etdiyi Azərbaycan şirkətinin Texas ştatında yerləşən filialına saxta hesab-fakturalar təqdim edib. Kuellar ödənişi 2014-cü ilin dekabrında Axundovanın şirkətində heç bir iş görməməsinə baxmayaraq alıb”.

Mayın 4-də ABŞ Ədliyyə Nazirliyi Nümayəndələr Palatasının üzvü Henri Kuellarla həyat yoldaşı İmelda Kuelları rüşvətxorluq, çirkli pulların yuyulması və xarici dövlətlərin maraqlarına lobbiçilikdə ittiham edib.

Nazirliyin yaydığı bəyanatda qeyd olunur ki, 2014-cü ilin dekabrından 2021-ci ilin noyabrına qədər cütlük iki xarici şirkətdən, Azərbaycanın dövlət neft-qaz şirkəti və baş ofisi Meksikada yerləşən bankdan təxminən 600 min dollar alıb.

Bəyanatda deyilir ki, pullar uydurma şirkətlərdən istifadə edilməklə saxta müqavilələr vasitəsilə yuyulub.

Onlara qarşı ümumilikdə 14 ittiham irəli sürülüb.

İttihamların bir neçəsi qanunla maksimum 20 il həbs cəzası nəzərdə tutur.

İradə Axundova 1956-cı ildə Bakıda anadan olub.

O, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə 2021-ci ildə "Tərəqqi” medalı ilə təltif edilib.