ABŞ Qarabağdakı "prezident seçkiləri"ni tanımır

ABŞ Qarabağdakı

12-09-2023 12:16 / Bu xəbər 996 dəfə oxundu

Bazar ertəsi ABŞ bəyan edib ki, Dağlıq Qarabağda ermənilərin keçirdikləri "prezident seçkiləri"nin nəticələrini tanımır.

Bu barədə "Turan"ın Vaşinqton müxbiri bildirib.

"Biz Dağlıq Qarabağa marşrutların açılmasının və tərəflər arasında dialoqun zəruriliyini daim vurğulamışıq. Dağlıq Qarabağda etimad qazanmış nümayəndələrin olması mühüm olsa da, biz Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq. Ona görə də qondarma prezident seçkilərinin nəticələrini tanımırıq", - Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyü Miller brifinqdə Turan-ın müxbirinin sualını  cavablandırarkən deyib.

ABŞ həll olunmamış məsələlərin birbaşa dialoq yoluyla  həlli üzrə Ermənistan və Azərbaycanın səylərini qətiyyətlə dəstəkləməyə davam edəcək.

Miller  həmçinin həftə sonu dövlət katibi Blinken səfərdə olarkən onun Ermənistan və Azərbaycan liderlərilə son söhbətindən danışıb – bir zəng  Yeni Dehlidən, digəri Hanoydan olub.

"Biz Dağlıq Qarabağda humanitar vəziyyətin sürətlə pisləşməsindən çox narahatıq. Biz Dağlıq Qarabağda kişilər, qadınlar və uşaqlar üçün son dərəcə zəruri humanitar təchizatın keçməsini təmin etmək üçün Laçın və Ağdam marşrutlarının dərhal və eyni vaxtda açılmasına dair çağırışımızı təkrar edirik. Eyni zamanda, dövlət katibi öz çağırışlarında etdiyi kimi, liderləri gərginliyi artıran heç bir tədbir görməməyə çağırırıq" , - Miller davam edib.

"Əliyevlə söhbət zamanı Blinken Azərbaycanda insan hüquqları, o cümlədən Qubad İbadoğlunun işilə bağlı məsələ qaldırıbmı?” sualının cavabında Miller deyib ki, onun bu barədə konkret məlumatı yoxdur. "Bu zənglər yerlərdəki böhran və onu həll etmək cəhdlərilə əlaqəli olub", - o  deyib.