ABŞ səfirliyi Azərbaycana cavab verdi: “Şəffaf işləyirik”

ABŞ səfirliyi Azərbaycana cavab verdi: “Şəffaf işləyirik”

21-11-2023 17:24 / Bu xəbər 1203 dəfə oxundu

Milli Məclis Vaşinqtonu 907-ci düzəlişə görə qınayır

Noyabrın 19-da Azərbaycan Dövlət Televiziyasının "Həftə” proqramı ABŞ və Fransaya savaş açmışdı.

Müəllif Rövşən Məmmədov çıxışını suallar əsasında qurub və Qərbi tənqid edib: "Bu gündən ABŞ və Avropanın qədəm qoyduğu, xilaskar adı və ya demokratiya pərdəsi altında soxulduğu hansısa ölkənin xoşbəxtliyindən misal çəkmək olarmı? Xeyr, çünki niyyət heç də xalqların və dövlətlərin xoşbəxtliyi olmayıb. Niyyət koloniya yaratmaq, talamaq, dağıtmaq, zəiflətmək və özündən asılı vəziyyətə salmaq, vəssalam! Nədir, Cənubi Qafqazda bu strategiya, əsrlərdir hazırlanmış bu taktika alınmadı, hörmətli Co Bayden və Emmanuel Makron?”.

"Region əlinizdən çıxdı deyə bu qədər narahatsınız? Artıq böyük güclərin regionla bağlı böyük oyunlarına artıq nöqtə qoyuldu. Cənubi Qafqaza əmin-amanlıq gətirdilər, bunu edən Azərbaycan və onun lideri İlham Əliyevdir”, – deyə o qeyd edib.

Müəllif bu gün ABŞ-ın atdığı adımların sülhə deyil, qarşıdurmaya, müharibəyə hesablandığını deyib.

O, buna misal kimi Senatın qəbul etdiyi "2023-cü il, Ermənistana müdafiə aktı” sənədini göstərib: "Ölkəmizə qarşı hücumlar bir neçə istiqamətdən reallaşır ki, onlardan da biri öz daxilimizdəndir. Son zamanlar Azərbaycanda bəzi qondarma hüquq müdafiəçilərinin fəallaşması nədənsə baş ofisi ABŞ-da yerləşən NED-in elan etdiyi yeni qramt layihələri ilə eyni vaxta düşür. Bu layihənin ümumi vəsaiti 970 min dollardır. Belə mərkəz Azərbaycana qarşı kampaniyalar aparır, beyinləri manqurtlaşdırır, feminizm, cinsi azlıqları təbliğ edir və gənc nəsli milli dəyərlərdən uzaqlaşdırır. Necə deyərlər, avropalaşdırmaqla məşğuldurlar”.

Noyabrın 21-də Azərbaycan Milli Məclisinin qəbul etdiyi bəyanatda da ABŞ-ın son addımlarının regionda sülh və sabitliyə zərbə vurduğu qeyd olunur.

"ABŞ-ın təcavüskar Ermənistana dəstəyi Azərbaycan torpaqlarını işğal etməyə yardım edib. ABŞ 30 il ərzində işğalçı Ermənistana qarşı heç bir sanksiya qəbul etməyib. Əksinə maliyyə yardımı etmiş, yüksək səviyyəli görüşlər təşkil etmişdir. Amerika tərəfinin bu kimi addımları ABŞ-ın Azərbaycan cəmiyyətində nüfuzuna zərər yetirib. ABŞ 907-ci düzəlişlə Azərbaycana qarşı 1992-ci ildə etdiyi səhvi təəssüf ki, yenidən etmiş olub”, –  deyə bəyanatda deyilir.

Bütün bunlarla bağlı Meydan TV ABŞ-ın Bakıdakı səfirliyinə sorğu ünvanlayıb.

ABŞ səfirliyi suala qısa cavab verib.

Səfirliyin Meydan TV-yə göndərdiyi cavabda qeyd olunub ki, 1992-ci ildə ABŞ-Azərbaycan arasında diplomatik əlaqələr qurulandan bəri qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər üzrə şəffaf şəkildə birgə işləyirlər: "Bura bizim insanlar arasında əlaqələrin gücləndirilməsi istiqamətində birgə gördüyümüz işlər daxildir”.

Noyabrın 15-də ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində "Dağlıq Qarabağın gələcəyi” adlı dinləmələr keçirilib.

Tədbirdə Dövlət Departamentinin Avropa və Avrasiya üzrə rəsmisi Ceyms O’Brayn deyib ki, ABŞ Bakı ilə Yerevan arasında sülh sazişi bağlanmayana qədər Azərbaycanla "adi iş” aparmayacaq.

Dinləmələrdən bir gün sonra Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) yaydığı bəyanatda Vaşinqtonun bir sıra yüksək səviyyəli səfərləri ləğv etməsinə eyni yanaşmayla cavab verib.