ABŞ yenə də narahat oldu
07-01-2022 01:11 / Bu xəbər 952 dəfə oxundu
Dövlət Departamenti yeni "Media haqqında” Qanunun qəbulundan narahatdır
ABŞ Dövlət Departamenti yanvarın 5-də Milli Məclisin qəbul etdiyi "Media haqqında” yeni qanundan narahatlığını ifadə edib.
Dövlət Departamenti hesab edib ki, bu qanun Azərbaycanda müstəqil jurnalistikanı məhdudlaşdırmaq üçün nəzərdə tutulub.
"Azərbaycan parlamenti qanunun ratifikasiya edilməsi üçün Prezident Administrasiyasına göndərilməsində tələsib”
"Azərbaycan parlamenti qanunun ratifikasiya edilməsi üçün Prezident Administrasiyasına göndərilməsində tələsib”
"Turan”ın məlumatına görə, Dövlət Departamentinin sözçüsü agentliyin sorğusuna belə cavab verib: "Biz narahatıq ki, Azərbaycan parlamenti "Media haqqında” təklif olunan qanunun ratifikasiya edilməsi üçün Prezident Administrasiyasına göndərilməsində tələsib. Ümid edirik ki, Prezident Administrasiyası qanun layihəsinə baxarkən müstəqil jurnalistlərin, media ekspertlərinin və ATƏT də daxil olmaqla beynəlxalq qrupların rəylərini diqqətlə nəzərdən keçirəcək”.
Departamentin rəsmisi məsələni yaxından izləməkdə davam edəcəklərini əlavə edib.
"Media haqqında” yeni qanun layihəsi dekabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
Dekabrın 30-da isə üçüncü oxunuşda qəbul edilib.
Dövlət başçısı İlham Əliyev hələ sənədi təsdiqləməyib.
Azərbaycanın onlarla jurnalisti, hüquqşünası, media eksperti və təşkilatı layihənin Milli Məclisdə müzakirəsini dayandırmağı əks etdirən müraciət yayıb.
Hətta vətəndaş cəmiyyəti nümayəndələri layihənin Milli Məclisdə müzakirəsinin dayandırması haqqında çağırış da ediblər.
"Media haqqında” qanun layihəsi 9 fəsil, 78 maddədən ibarətdir.
Qanun qüvvəyə mindiyi gündən "Kütləvi informasiya vasitələri haqqında” və "Televiziya və radio yayımı haqqında” qanunlar qüvvədən düşəcək.