Qubad İbadoğlu ilə bağlı aksiya keçirildi

Qubad İbadoğlu ilə bağlı aksiya keçirildi

26-09-2023 16:59 / Bu xəbər 1164 dəfə oxundu

Sentyabrın 26-da Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının üzvləri Bakıda Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. 

Onlar partiyanın sədri Qubad İbadoğlunun həbsdə saxlanılmasına və səhhətinin pis olduğuna baxmayaraq, klinikaya köçürülməməsinə etiraz etdiklərini bildiriblər.

Aksiya iştirakçılarının sözlərinə görə, onlar Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin önünə ona görə gedirlər ki, ofislərində bu qurum axtarış aparıb və götürülən sənədlərin qaytarılmasını istəyəcəklər.

Polis etirazçılara idarənin qarşısında piket keçirməyə imkan verməyib və onlar Nərimanov rayon Məhkəməsinin binasının arxasına keçməli olublar.

Aksiya iştirakçıları bildirib ki, Q.İbadoğlu artıq 66 gündür saxta ittihamlarla həbsdədir və həmin müddət ərzində heç bir istintaq hərəkəti olmayıb. 

"Bu da sübut edir ki, Qubad bəyin həbsi siyasi xarakter daşıyır", - partiyanın idarə heyətinin üzvü Ədalət Yusub vurğulayıb.

O deyib ki, ADR-in ofisi bağlanıb və bu, partiyanın fəaliyyətinin məhdudlaşdırılmasına yönəlib: "Bundan əlavə partiyamıza aid olan sənədlər qanunsuz axtarış zamanı götürülüb və biz hüquqi sənədlərimizə çata bilmirik".

Sonda piketin qətnaməsi səsləndirilib.

Aksiya insidentsiz başa çatıb, saxlanılan olmayıb.

Aksiyada səslənən tələblərə, ölkənin rəsmi qurumlarından, hələlik, münasibət almaq mümkün olmayıb.

ADR dövlət qeydiyyatına alınmayıb.

ADR sədri Q.İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib.

Q.İbadoğlu Cinayət Məcəlləsinin (CM) 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. 

Avqustun sonunda ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Hüquq-mühafizə orqanları Q.İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. 

Q.İbadoğlu isə ittihamı qəbul etmir, məhkəmədə onu "saxta" adlandırıb.