AXCP Milli Məclisin qarşısında aksiya keçirəcək

AXCP Milli Məclisin qarşısında aksiya keçirəcək

28-09-2022 12:42 / Bu xəbər 1408 dəfə oxundu

Vahid Məhərrəmli: "Etiraz etmək konstitusion hüququmuzdur”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 30-da saat 16:00-da Milli Məclisin qarşısında aksiya keçirəcək.

Bu barədə partiyanın Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmli Meydan TV-yə məlumat verib.

Vahid Məhərrəmli bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti aksiyanı məqsədəuyğun saymasa da, kütləvi etiraz tədbirləri onların konstitusion hüququdur: "Düzdür, Rəyasət Heyəti aksiya keçirmək barədə qərar qəbul etmədi. Amma ümumi razılığa gəldik ki, 2 gün sonra Milli Məclisin qarşısında aksiya keçirək”.

O, aksiyanın tələblərinin dəyişməz olduğunu deyib: "Biz "Siyasi partiyalar haqqında” yeni mürtəce qanun layihəsinə etiraz edirik. Bununla bərabər, siyasi məhbuslara azadlıq, azad seçki, demokratik dəyişiklər və sərhədlərin açılmasını tələb edəcəyik. Rusiyada yaşayan soydaşlarımızın təcili olaraq vətənə qayıdışının təşkili vacibdir”.

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) sentyabrın 27-də cavab məktubu göndərib.

İcra Hakimiyyəti partiyanın Milli Məclisin qarşısında aksiya keçirməsini məqsədəuyğun saymayıb.