Əli Kərimlinin mühafizəçisi 13 il azadlıqdan məhrum edildi

Əli Kərimlinin mühafizəçisi 13 il azadlıqdan məhrum edildi

08-10-2021 14:30 / Bu xəbər 934 dəfə oxundu

Niyaməddin Əhmədovun məhkəməsi yekunlaşdı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun məhkəməsi başa çatıb. 

Oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyilə çıxarılan hökmə əsasən, o, 13 il azadlıqdan məbrum edilib.

Niyaməddin Əhmədova qarşı CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb. 

O, Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. 

Prokurorluq iddia edir ki, Məmmədov Azərbaycanda terror törətmək istəyib, bu məqsədlə çağırışlar etmək üçün Əhmədova pul göndərib. 

AXCP bu ittihamın absurd olduğunu bəyan edib, Əhmədovun həbsini isə partiyaya və partiyanın sədri Əli Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.