Adil İsmayılov haqqında film: ona niyə “yapon” deyirdilər?

Adil İsmayılov haqqında film: ona niyə “yapon” deyirdilər?

24-02-2021 11:41 / Bu xəbər 4635 dəfə oxundu

Filmdə vəkillə bağlı xatirələr yer alıb

Azərbaycanın ən yaxşı vəkillərindən sayılan, ötən ilin dekabrında koronavirusdan həyatını itirən Adil İsmayılovun həyat yolundan bəhs edən film çəkilib. Filmin təqdimatında mərhum vəkilin ailə üzvləri, dostları, istimai-siyasi xadimlər iştirak edib.

"Yapon - Adil İsmayılovun xatirəsinə...” filminin niyə belə adlandırılmasının səbəbi də açıqlanıb. Sinif yoldaşlarından birinin dediyinə görə, vaxtilə 172 saylı orta məktəbdə təhsil alarkən sinifdə çox savadlı olduğuna görə Adil İsmayılova belə ləqəb veriblər.

"Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, Adil İsmayılovun xatirəsinə hörmət əlaməti olaraq, məhdud imkanlarla da olsa, qısa müddətdə onun haqqında film çəkmək qərarı veriblər.

Filmdə Adil İsmayılovun sinif yoldaşları, vəkillər, vaxtilə hüquqlarını müdafiə etdiyi şəxslər, dostları, jurnalistlər onun haqqında xatirələrini bölüşür.

Rəssam Pəri Miniatürün Adil İsmayılovun portretini necə çəkdiyi də filmdə əyani şəkildə öz əksini tapıb. Filmin nümayişindən sonra həmin rəsm əsəri mərhum vəkilin oğlu İsmayıl İsmayılzadəyə təqdim edilib.

Adil İsmayılov 1957-ci ildə anadan olub. O, hüquq təhsilini başa vurandan sonra öncə Sumqayıt Şəhər Prokurorluğunda müstəntiq kimi fəaliyyətə başlayıb. Daha sonra Respublika Baş Prokurorluğunda mühüm işlər üzrə müstəntiq işləyib. 1991-ci ildə prokurorluqda rəhbərliyin addımlarına etiraz olaraq, öz ərizəsilə işdən ayrılıb. Daha sonra fəaliyyətini vəkil kimi davam etdirib.

30 ilə yaxın davam edən vəkillik fəaliyyətində bir çox səs-küylü işlərdə müdafiəçi qismində iştirak edib.

1999-ci ildə Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəisi olan Nizami Qocayevin (hazırda Gəncədə Ədliyyə Nazirliyinin Regional Xidmətinin rəisi_, 2005-ci ildə İqtisadi İnkişaf naziri Fərhad Əliyevin, Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin rəisi, general Zakir Nəsirovun, 2015-ci ildə MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi, general Sübahir Qurbanovun, keçmiş Baş prokuror və səfir Eldar Həsənov və digər tanınmışların həbsi zamanı onların vəkili olub.

O, ictimai siyasi fəallardan "Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzinin, siyasi fəal Nigar Yaqublunun, Müsavat Partiyasının funksioneri Yadigar Sadıqlının və digərlərinin də hüquqlarını müdafiə edib.///Meydan Tv