Ailəsi Ruslan İzzətlinin səhhətindən narahatdır
13-05-2024 18:28 / Bu xəbər 726 dəfə oxundu
III Respublika Platformasının həbsdə olan qurucu üzvlərdən biri Ruslan İzzətlinin səhhətində problemlərin artdığı bildirilir.
Bu barədə onun həyat yoldaşı Günel Manaflı məlumat verib.
Onun sözlərinə görə, saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında R.İzzətlidən götürülən analizlərin cavabında qanda şəkərin və xolesterinin artdığı göstərilib: "Digər problemlər də var. Əvvəllər də şəkəri olub, müalicə almışdı. Görünür, xəstəlik yenidən baş qaldırıb. Təkrar analiz və müalicəyə ehtiyac var. Analizi göstərdiyim həkim nəticəyə əsasən bildirdi ki, müalicə olunmazsa, gələcəkdə damar tıxanıqlığı, infarkta səbəb ola bilər. Həmçinin, ürəyinin də yoxlanılmasına ehtiyac olduğunu dedi".
G.Manaflı siyasətçinin ödündəki daşların da həyati təhlükə yaratdığını bildirir: "Müayinə nəticəsində ödündə daşların olduğunu təcridxananın həkimlərinin özləri də təsdiqləyiblər".
O vurğulayıb ki, R.İzzətlinin həyatına təhlükə var.
Hələlik bu açıqlamaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Yaxınları R.İzzətlinin həbsindən öncə və həbsinin ilk günlərində də onun səhhəti ilə bağlı narahatlıqlarını ifadə ediblər.
R.İzzətli martın 8-də saxlanılıb və növbəti gün pul qaçaqmalçılığı ittihamı ilə 4 ay müddətinə həbs olunub.
Xatırlatma
Son aylar Azərbaycanda 20-yə qədər jurnalist, ictimai fəal sırf qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.
Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.
Hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri də qəbul etmirlər.
Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.