Aksiya iştirakçıları: Ermənilər bizə fiziki güc tətbiq etdilər, silah çəkdilər

Aksiya iştirakçıları: Ermənilər bizə fiziki güc tətbiq etdilər, silah çəkdilər

23-10-2020 12:20 / Bu xəbər 575 dəfə oxundu

Polşada Gəncə hadisələrinə dəstək aksiyası keçirən azərbaycanlılar təxribatla üzləşdiklərini deyiblər

Oktyabrın 22-də Polşanın Katovitse şəhərində azərbaycanlı gənclər teatr binasının qarşısında erməni təcavüzünü və Gəncə terrorunu pisləyən icazəli aksiya keçirib.

Aksiyanın sonunda Polşada yaşayan ermənilər iştirakçılara qarşı təxribat törədib. Onlara hücum çəkib, fiziki güc tətbiq ediblər.

Meydan TV-yə məlumatı aksiya iştirakçıları veriblər.

Bildiriblər ki, ermənilər hətta onlara silah da çəkib: "Həmin silahlardan bizə atəş də açdılar. Biz də bununla bağlı polisə məlumat verdik. Sonradan bizə deyildi ki, bunu edən ermənilərdən 3 nəfəri saxlayıblar”.

İştirakçılar bildirirlər ki, başlarına gələnlərlə bağlı Azərbaycanın Polşadakı səfirliyinə də müraciət ediblər. Səfirlikdən işə nəzarət etdiklərini bildiriblər: "Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsindən də bildirildi ki, baş vermiş olayı və insanların vəziyyətini diqqətdə saxlayırlar. Dediklərinə görə, aksiya iştirakçılarına lazım olan bütün hüquqi və digər yardımlar göstəriləcək”.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar başlayıb.

Oktyabrın 10-da Rusiyanın təşəbbüsüylə Moskavada hər iki ölkənin Xarici işlər nazirləri humanitar atəşkəsə imza atsalar da, buna əməl olunmayıb.

Oktyabrın 11-də Gəncə şəhərinin yaşayış binasına raket zərbəsi ballistik "Skad” (Scud) raketi ilə endirilib.

Baş Prokurorluğun yaydığı məlumata görə, Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3 qadın olmaqla 7 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Bundan sonra, oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan ordusu Gəncə şəhərinə "Elbrus” ballistik raketi atıb.

Son məlumatlara görə, 15 mülki şəxs həlak olub, 52 nəfər yaralanıb.