Aqil Hümbətov ikinci dəfə aclıq aksiyasına başlayıb

Aqil Hümbətov ikinci dəfə aclıq aksiyasına başlayıb

11-09-2023 14:42 / Bu xəbər 751 dəfə oxundu

Həbs cəzası çəkən AXCP fəalı Aqil Hümbətov ailəsinin sosial problemlərinin həlli və xəstəliklərinin müalicəsinə başlanması tələbi ilə bu gündən etibarən cəzaçəkmə müəssisəsində aclığa başlayıb. 

Bu barədə "Turan"a onun həyat yoldaşı Aygün Hümbətova bildirib.

Onun sözlərinə görə, A.Hümbətov xüsusən ailəsinin aztəminatlı ailələr üçün ayrılan ünvanlı sosial yardımdan məhrum edilməsinə etiraz edir.

"Bu, Aqilin ikinci aclıq aksiyasıdır, o, eyni tələblərlə birinci aksiyaya avqustun 12-də başlamışdı, lakin cəzaçəkmə müəssisəsi rəhbərliyinin tələblərinin yerinə yetiriləcəyinə dair vədlərinə inanaraq, etiraz aksiyasını dayandırmışdı. Yoldaşımı aldadıblar, o, etiraz aksiyasını dayandırıb, amma mən hələ də sosial yardım almıram, evi təmir etdirmək və kommunal xidmətləri ödəmək üçün vəsait yoxdur. Bizim üç xəstə övladımız var, mən işləmirəm və dövlətdən yardım almıram", - deyə Aygün Hümbətova bildirib. 

O həmçinin ona təhqiramiz mesajlar göndərən Mərdəkan qəsəbəsi sakininin saxlanıldığını bildirib. 

Mesajlarda prezidentə şikayət etməmək tələbi ilə təhdidlər yer alır. 

Bu günlərdə Hümbətova bu qəsəbənin polis bölməsinə dəvət olunub, burada ona mesajları atan şəxsi və onun atasını göstəriblər. 

Polis bölməsində deyiblər ki, mesajları göndərən şəxs əsəb xəstəliyindən əziyyət çəkir. Lakin Aygün Hümbətova əmindir k i, polis mesaj göndərən şəxsi məsuliyyətdən yayındırmaq üçün onu yanıldır.

2021-ci ilin noyabr ayında Aqil Hümbətov xuliqanlıq məqsədi ilə vətəndaşın sağlamlığına ziyan vurmaq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Hümbətov təqsirsiz olduğunu və müxalifətin etiraz aksiyalarında fəal iştirakına görə təqib  olunduğunu iddia edir.

Ədliyyə Nazirliyinin Penitensiar Sisteminin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.