Avropa İttifaqı Bakının iddialarını rədd edir
29-03-2024 15:42 / Bu xəbər 603 dəfə oxundu
"Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək”
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Piter Stano 5 apreldə gözlənilən Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşü ilə bağlı rəsmi Bakının iddialarını rədd edir.
Onun fikrincə, Brüsseldə keçiriləcək görüşün xarakteri haqqında məlumat qeyri-dəqiqdir: "İclasın "təhlükəsizlik zəmanətlərinə” həsr olunacağı doğru deyil. Görüşdə Aİ/ABŞ-Ermənistan ikitərəfli münasibətləri ilə yanaşı, digər məsələlərə də toxunulacaq. Yəni Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və sülh danışıqları məsələləri müzakirə olunmayacaq. Əsas diqqət Ermənistan iqtisadiyyatının sabitliyinə və bu ölkə ilə ikitərəfli əməkdaşlığa yönəldiləcək”.
Piter Stano bildirib ki, Aİ və ABŞ Ermənistanın və regionun sabit, dinc, təhlükəsiz və firavan gələcəyini dəstəkləməyə sadiqdir.
"Bu, Aİ və Ermənistanın ikitərəfli tərəfdaşlığı əsasında Ermənistan iqtisadiyyatının möhkəmləndirilməsi məqsədilə bu ölkə ilə əməkdaşlığın dərinləşdirilməsini müzakirə etmək fürsəti olacaq. Sabit və dayanıqlı Ermənistan sabit Cənubi Qafqaz deməkdir. Bizim səylərimiz kiminsə əleyhinə yönəlməyib, bütünlükdə regionun maraqlarına və sabitliyinə xidmət edir”, – deyə Stano əlavə edib.
Martın 28-də ABŞ Dövlət Departamenti Bakının 5 aprel Brüssel görüşü haqda tənqidlərini qəbul etməyini bildirmişdi.
Ondan bir gün əvvəl Azərbaycan XİN Aİ və ABŞ-ı Ermənistana hərbi yardım göstərməyi planlaşdırmaqda ittiham etmişdi: "Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir. Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır”.
Oxşar bəyanatla Rusiya Xarici İşlər Nazirliyi də açıqlama yaymışdı.
Nazirliyin rəsmisi Mariya Zaxarova bildirmişdi ki, belə görüşlər regionun əksər ölkələrində narahatlıq yaradır: "Çünki onlar Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbin Cənubi Qafqaza son dərəcə dağıdıcı yanaşmaları ilə daxil olmasına yönəlib. Üstəlik, belə görüşlər regionda yeni ayırıcı xətlərin yaradılmasına, region ölkələrinin anti-Rusiya gündəminə uymağa məcbur edilməsinə, onların Moskva ilə çoxəsrlik əlaqələrinin pozulmasına, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərinin zəiflədilməsinə istiqamətlənib”.(Meydan TV)