Avropa İttifaqının Azərbaycanda kənd təsərrüfatına ayırdığı vəsait mənimsənilib?
12-01-2024 02:22 / Bu xəbər 912 dəfə oxundu
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin bölgələrdə kənd təsərrüfatının inkişafına dəstək məqsədilə ayırdığı vəsaitlərin bir hissəsinin mənimsənildiyi iddia olunur.
Bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar başlanıb.
Məhkəmə önünə çıxarılan Ramin Məmmədov 364 min manatlıq yeyintidə ittiham olunur.
İddia olunur ki, o, "Kənd inkişafına dəstək” İctimai Birliyi adından Aİ-nin elan etdiyi qrant müsabiqəsinə qoşulub.
Təşkilat da onun layihəsini qəbul edərək, 423 min avro ayırıb.
Bu layihə çərçivəsində kənd təsərrüfatını inkişaf etdirmək üçün Goranboy, Tovuz, Ağstafa, Şəmkir və başqa rayonlarda təlimlərin keçirilməsi və bir sıra başqa addımların atılması nəzərdə tutulub.
İttihama görə ayrılan vəsait təyinatı üzrə xərclənməyib.
R.Məmmədova külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlar verilib. Onun ittiham edildiyi maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.
Yanvarın 11-də məhkəmədə prokuror ittiham aktında yazılanları açıqlayıb.
R.Məmmədov bu ittihamlarla razılaşmayaraq, məhkəmədə də deyib ki, özünü qətiyyən təqsirli bilmir: "Başdan-ayağa hamısı şər-böhtandır...”
Bu məhkəmədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və "Kənd inkişafına dəstək” İctimai Birliyi zərərçəkmiş qismində tanınıb.
İddia edilir ki, R.Məmmədov qrant müsabiqəsinə müraciətdə özünü "Kənd inkişafına dəstək” İctimai Birliyinin vəzifəlisi kimi tanıdıb.
Təşkilat 2007-ci ildə yaradılarkən, o, həmtəsisçilərdən biri olub.
Sonradan sözügedən ictimai birlikdən uzaqlaşdırılıb.
İndi R.Məmmədov təşkilatın adından yararlanmaqda, onun nüfuzuna xələl gətirməkdə ittiham edilir.
"Kənd inkişafına dəstək” İctimai Birliyinin nümayəndəsi Taleh İbrahimov məhkəmədə deyib ki, R.Məmmədovdan heç bir şikayət və tələbləri yoxdur.
R.Məmmədov özü və vəkili zərərçəkmiş və şahidlərdən sonra dindirilmələrini istəyiblər.
"Bir sıra sənəd və sübutlar var ki, onları uzun müddət əldə edə bilməmişdik. Bu gün onları almışıq. İngilis dilində olduğuna görə tərcümə elətdirməyə, məhkəməyə təqdim etdməyə vaxt lazımdır”, - vəkil belə deyib.
Məhkəmə qərar verib ki, dindirmələr elə R.Məmmədovun özündən başlasın.
Ona və vəkilinə hazırlaşmaq üçün fevralın 6-sınadək vaxt verilib.