Ələsgər Məmmədli böhtan yazan mediaları qınadı
24-03-2024 19:52 / Bu xəbər 1172 dəfə oxundu
Qardaşı hüquqşünasın səhhətindəki problemlərin nəzərə alınaraq azadlığa buraxılmasını istəyir
"Toplum TV”-nin Bakı İstintaq Təcridxanasında saxlanılan hüquqi təsisçisi, media hüquqü üzrə ekspert Ələsgər Məmmədliyə martın 23-də qardaşı Nəsimi Məmmədli ilə görüş verilib.
Bu barədə Meydan TV-yə Nəsimi Məmmədli danışıb.
O deyib ki, görüş 12 dəqiqə çəkib və bu, qardaşı həbs olunandan sonra ilk görüş olub.
Nəsimi Məmmədliyə Ələsgər Məmmədli ilə şüşə arxasından danışmağa icazə verilib.
Qardaşının sözlərinə görə, Ələsgər Məmmədli təcridxanada həkim müayinəsindən keçirilib: "Həmçinin Ombusman aparatının nümayəndəsi də müayinə prosesində iştirak edib. Ona özəl klinikada qoyulan diaqnozu təcridxananın həkimi də təsdiqləyib. Hazırda həkiminin müəyyən etdiyi dərmanları qəbul edir. Qarın nahiyəsindəki ağrılar qismən azalıb”.
Nəsimi Məmmədli onu da vurğulayıb ki, qardaşının həkimi təcili qalxanabənzər vəzinin iynə biopsiyasını tövsiyə etsə də, hələ ki bu müayinəni aparmaq mümkün olmayıb: "Ələsgər bəyin ümumi səhhəti normal görünsə də, nəfəs almaqda çətinlik çəkir”.
Amma o, qardaşının saxlanma şəraitindən narazılığı olmadığını deyib.
Onun sözlərinə görə, Ələsgər Məmmədli heç bir cinayət əməli törətmədiyini əsas tutaraq istintaqa ifadə verməkdən imtina edib: "Ona qarşı irəli sürülən ittihamları tamamilə əsassız sayır. Tezliklə bu ədalətsizliyə son qoyulacağına ümid edir. Ələsgər bəy bu mərhələdə ona dəstək verən hər kəsə öz təşəkkürünü bildirdi”.
Media eksperti böhtan yazan və yayan media qurumlarına da mesaj göndərib: "O, barəsində böhtan, yalan yazan media orqanlarını qınadığını dedi və onları təqsirsizlik prezumpsiyası hüququna əməl etməyə çağırdı”.
"Ələsgər bəy tamamilə qondarma ittihamla həbs olunub. Onun həbsinin yeganə səbəbi azad, müstəqil, qərəzsiz, obyektiv, ədalətli və balanslı media orqanı yaratmasıdır. O, Toplum TV-nin təsisçisi kimi nümunəvi bir media orqanını cəmiyyətə təqdim etmişdi. İqtidarın, müxalifətin, müstəqil şəxslərin sərbəst şəkildə öz fikirini ifadə etdiyi bir platforma idi. Toplum TV qısa müddətdə alternativ fikirlərin tribunası olaraq özünü təsdiq edə bildi. Təəssüf ki, belə bir önəmli media resursunu davam etdirmək mümkün olmadı”, – deyə Nəsimi Məmmədli əlavə edib.
O hesab edir ki, dövlət qurumları Ələsgər Məmmədlinin səhhətindəki ciddi problemləri, təqsirsizliyini nəzərə alaraq onu dərhal azad etməlidir.
"Toplum TV” ilə bağlı nə baş verib?
Martın 6-da polis "Toplum TV”-nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində də axtarış aparılıb.
III Respublika Platformasının ofisindən isə 30 min avro, saxlanılanların bir neçəsinin evindən 2700, 3100 avro pul vəsaiti tapıldığı bildirilib.
III Respublika Platformasının spikeri Akif Qurbanova, "Toplum TV”-nin əməkdaşları – Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.
Xətai Rayon Məhkəməsi martın 6-da saxlanılan "Toplum TV”-nin videoredaktoru Müşfiq Cabbarla bağlı 4 ay həbs qətimkan tədbiri seçib.
Əli Zeynal barəsində də məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
"Toplum TV” işi ilə əlaqədar saxlanılan jurnalist Fərid İsmayılov və NİDA üzvü Elmir Abbasov polis nəzarətinə buraxılıb.
Hüquqşünas, "Toplum TV” saytının təsisçisi Ələsgər Məmmədli martın 8-də mülki geyimlilər tərəfindən "İstanbul” Klinikasının önündə saxlanılıb.
III Respublika Platformasının üzvü Ruslan İzzətli də Xətai Rayon Polis İdarəsinin qarşısından qara maşına mindirilib aparılıb.
Daha sonra hər iki şəxsin mənzillərində axtarış aparılıb.
Vəkili Aqil Layıc deyib ki, Ələsgər Məmmədlinin evindən 7300 dollar pulun tapıldığı ittiham aktında qeyd olunub.
Ələsgər Məmmədli isə bu pulun əməliyyatçılar tərəfindən qoyulduğunu deyib.
Bundan əvvəl isə Ələsgər Məmmədlinin həyat yoldaşı ilə qardaşı Nəsimi Məmmədli evə 60 min avronun qoyulduğunu bildirmişdilər.
Onlar da pulun Ələsgər Məmmədliyə aid olmadığını vurğulamışdılar.
Martın 9-da Xətai Rayon Məhkəməsində Ələsgər Məmmədli haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu qərarı hakim Sülhanə Hacıyeva verib.
Axtarış zamanı III Respublika Platformasının üzvü Ruslan İzzətlinin evindən də pul "tapılıb”.
Martın 9-da Xətai Rayon Məhkəməsində Ruslan İzzətli barəsində də ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Son 4 ay ərzində Azərbaycanda bir sıra media orqanlarının rəhbər şəxsləri və əməkdaşları qaçaqmalçılıq ittihamıyla həbs olunub.
Onların arasında korrupsiya araşdırmalarıyla tanınan "AbzasMedia”, "Kanal 13” internet televiziyası da var.
Jurnalistlər qaçaqmal yolu ilə ölkəyə pul gətirməkdə ittiham olunur.
Onlar bu ittihamı rədd edir, evlərdən, ofislərdən tapıldığı iddia olunan pulları ora polislərin özlərinin atdığını bildirirlər.
Jurnalistlər peşə fəaliyyətlərinə, hökumətin korrupsiyası ilə bağlı materiallara görə cəzalandırıldıqlarını deyirlər.
ABŞ Dövlət Departamenti, Fransa Xarici İşlər Nazirliyi, eyni zamanda, beynəlxalq hüquq müdafiə təşkilatları bəyanat yayaraq, Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil media nümayəndələrini yenidən hədəf alan son həbs dalğasından dərin narahatlıqlarını ifadə ediblər.