Avropa Məhkəməsi bloklanmış medialarla bağlı qərarını açıqlayacaq
09-06-2024 12:18 / Bu xəbər 660 dəfə oxundu
İşgəncə və pis rəftara məruz qaldığını deyən şikayətçilərin işi ilə bağlı da qərar veriləcək
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 13-də Azərbaycandan göndərilmiş ərizələrlə bağlı 2 qərar və qərardadını elan edəcək.
"Azadlıq Radiosu və başqaları Azərbaycana qarşı” – işdə ərizəçilər 4 onlayn media resursu və ya təsisçilər, baş redaktorlardır. Onlar "Azadlıq Radiosu”, "anaxeber.az” onlayn xəbər portalının təsisçisi və redaktoru Azər Talıbov, "az24saat.az” onlayn xəbər portalının təsisçisi Vüqar Ələkbərov və "xural.com” saytının baş redaktoru Əvəz Zeynallıdır.
2017-2018-ci illərdə Azərbaycanda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə informasiyaların yayılması ilə bağlı tənzimləmələri ilə bağlı dəyişikliklər edilib. Həmin dəyişikliklərdən sonra ərizəçi olan dörd onlayn mediaya Azərbaycan daxilindən giriş tamamilə blok edilib. Yerli məhkəmələr qərarlarını qanunvericiliyə edilmiş dəyişikliklərlə əsaslandırıblar.
Yerli məhkəmələr hesab edib ki, adıçəkilən medialarda yayılmış bəzi məzmunlar Azərbaycanın media qanunvericiliyinə uyğun olaraq yayılması qadağan edilmiş məzmunlar olub.
Məhkəmələr "azadliq.org” saytının "zorakılığı və dini ekstremizmi təbliğ edən və kütləvi iğtişaşlara çağıran məlumatlar”, digər saytların isə "yalan, aldadıcı və böhtan xarakterli məlumatlar” yaydığı qənaətinə gələrək, onların blok edilməsinə qərar verib.
Ərizəçilər məhkəmə qarşısında iddia ediblər ki, konkret məzmunlara yox, bütün internet resursuna blokun qoyulması ifrat dərəcədə ağır olub. Onlara görə, bloklama hansısa qanunsuz məzmunun yayılmasının önlənməsi məqsədi yox, hökuməti tənqid edən məzmunların qarşısının alınması məqsədi daşıyıb. Ərizəçilər onlara münasibətdə Konvensiyanın 6-cı, 10-cu, 13-cü və 18-ci maddələrinin pozulduğunu iddia edirlər.
"Zakir Mustafayev və başqaları Azərbaycana qarşı” – məhkəmə işi cinayət ittihamı irəli sürülmüş ərizəçilərin saxlanılan və həbs edilən zaman işgəncə və qeyri-insani rəftara məruz qalmaları iddiaları ilə bağlıdır. Ərizəçilər iddia ediblər ki, onlara etirafedici ifadələr vermələri üçün işgəncə verilib. Müxtəlif bədən xəsarətləri aldıqlarını, öz seçdikləri vəkillərə çatıma imkan verilmədiyini, ailələrinin həbsləri haqda bilgiləndirilmədiyini iddia edən ərizəçilər AİHM qarşısında Konvensiyanın 3-cü və 10-cu maddələrinin pozuntusunu mübahisələndiriblər.
Azərbaycan ifadə azadlığı media, fərqli mövqe dərc edən internet saytlarının bloklanması uzun illərdir davam edən prosesdir. Bloklanan saytların isə sayı 10-dan çoxdur. Bu saytlara ölkə daxilində yalnız VPN-lər vasitəsilə girmək mümkündür.