Avropa Parlamenti Qubad İbadoğlunun məsələsini təcili müzakirəyə çıxarır

Avropa Parlamenti Qubad İbadoğlunun məsələsini təcili müzakirəyə çıxarır

19-04-2024 13:56 / Bu xəbər 630 dəfə oxundu

Qətnamədə İlhamiz Quliyev, "AbzasMedia” və "Toplum TV”-nin əməkdaşlarının qanunsuz həbsləri məsələsi də var

Avropa Parlamenti həbsdə olan iqtisadçı Qubad İbadoğlunun məsələsini təcili müzakirəyə çıxaracaq.

Məsələ Avropa Parlamentinin növbəti həftə keçiriləcək iclasının gündəliyində əksini tapıb.

Gündəliyə Qubad İbadoğlunun səhhətinin kəskin pisləşməsinə adekvat reaksiyanın göstərilməsi və onun həbsdən azad olunması məsələsi daxil edilib.

Qətnamə "Azərbaycan, xüsusilə vətəndaş cəmiyyətinə qarşı repressiyalar; iqtisadçı Qubad İbadoğlunun və İlhamiz Quliyevin işi” adlanır.

Qətnamədə professor Qubad İbadoğlu və İlhamiz Quliyevlə yanaşı, "AbzasMedia” və "Toplum TV”-nin əməkdaşlarının qanunsuz həbsləri məsələsi də əhatə olunub.

Açıqlanan gündəliyə uyğun olaraq qətnamə aprelin 24-də müzakirə olunacaq, ayın 25-də isə səsverməyə çıxarılacaq.

Ötən ilin sentyabrında da Avropa Parlamenti Qubad İbadoğlu ilə bağlı 8 bəndlik qətnamə qəbul edərək Azərbaycan hakimiyyəti qarşısında onun dərhal azad olunması tələbini qoymuşdu.

İqtisadçı Qubad İbadoğlu Azərbaycanda iyulun 24-də saxlanıb. Barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib, sonradan həbs müddəti artırılıb. 

Ona qarşı saxta pul, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.