Avropa Parlamentinin üzvü: "Qubad İbadoğlu dərhal azad edilməlidir!"
22-02-2024 12:24 / Bu xəbər 622 dəfə oxundu
Avropa Parlamentinin Maltadan olan üzvü Miriam M. Lexmann London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb.
"2023-cü ilin sentyabrında Avropa Parlamenti Əliyev rejimini professor Qubad İbadoğlunu dərhal azad etməyə çağıran qətnamə qəbul etmişdi. Ancaq o, hələ də məhbəsdədir və onun sağlamlığı pisləməyə davam edir", - deyə o bildirib.
Deputat qeyd edib ki, bu işdə günahkar olanlar cəzalandırılmalıdır: "Qubad İbadoğlu dərhal azad edilməlidir! Əks təqdirdə bu işdə əli olanlar (günahkarlar) cəzalandırılmalıdır".
ADR sədri Q.İbadoğlu iyulun 23-də həbs olunub.
İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.
Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri Qubad İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib.
Məhkəmə 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürərək Azərbaycan hökumətinə suallar göndərib.