AXCP fəalının ev dustaqlığına buraxması barədə vəsatətini təmin etmədi

AXCP fəalının ev dustaqlığına buraxması barədə vəsatətini təmin etmədi

13-03-2024 17:59 / Bu xəbər 634 dəfə oxundu

Martın 12-də Bakının Xətai Rayon Məhkəməsində Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov barəsində qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına keçirilməsi haqqında vəsatətə baxılıb.

Bu barədə "Amerikanın Səsi"nə AXCP-dən bildiriblər.

Məlumata görə, birinci instansiya məhkəməsi vəsatəti təmin etməyib.

AXCP qeyd edir ki, fəal Elnur Həsənov məhkəməyə aparılarkən mühafizəçilər tərəfindən fiziki təzyiqə məruz qalıb.

Müdafiə tərəfi bunu qanun pozuntusu hesab edib. 

Məhkəmənin qərarından apelyasiya şikayəti veriləcək.

Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

"Elnur Həsənov narkotik ittihamı ilə həbs olunub, ittihamı qəbul etmir, həbsini Daxili İşlər Nazirliyinin Baş Yol Polisi İdarəsinin rəhbərliyinə qarşı etdiyi tənqidi çıxışla əlaqələndirir”, - AXCP bildirir.

Elnur Həsənov 2023-cü il noyabrın 28-də qanunsuz narkotik dövriyyəsi (Cinayət Məcəlləsinin 234.4.3-cü madddəsi) ittihamı ilə həbs olunub. 

O, ittihamı təkzib edib. 

AXCP fəalı hesab edir ki, onun həbsinin əsl səbəbi yol polisinin hərəkətlərini tənqid etməsidir.