AXCP-nin bir üzvü həbs edilib, digər üzvü cərimələnib
11-04-2023 13:25 / Bu xəbər 776 dəfə oxundu
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərinin biri inzibati qaydada həbs olundu, digəri isə cərimələnib.
Bu barədə AXCP sədri Əli Kərimli sosial şəbəkə hesabında məlumat yayıb.
AXCP-dən "Arqument.az"a deyiblər ki, aprelin 10-da partiyanın Ağdaş şöbəsindən Ali Məclis üzvü Məzahir Rəhimov saxlanılıb: "Yol getdiyi yerdə polislər onu saxlayıb, sonra məhkəməyə aparıblar və polisə müqavimət adı ilə 10 sutka inzibati qaydada həbs cəzası veriblər".
Bildirilir ki, M.Rəhimov siyasi fəaliyyətinə həbs olunub və heç bir qanunsuz əməli olmayıb.
Məzahir Rəhimovun məhkəməsinə gedən digər partiya üzvü Qorxmaz Əbdürrəhimov da polis tərəfindən saxlanılıb.
"Məhkəməyə gəldiyinə görə Qorxmaz bəyi da saxlayıb məhkəməyə aparıblar və 100 manat cərimələyib sərbəst buraxıblar", - deyə partiyadan bildirilib.
"Ağdaş rayonundan AXCP Ali Məclis üzvü Məzahir Rəhimovu rayon polisi bu gün saxlayıb. AXCP Ağdaş rayon şöbəsinin sədri Qorxmaz Əbdürrəhimov gedib polis idarəsinə ki, Məzahir bəydən xəbər bilsin, onun özünü də saxlayıblar. Sonra da Məzahir bəyi 10 sutka inzibati qaydada həbs, Qorxmaz müəllimi də 100 manat cərimə ediblər. O biri tərəfdən də DTX çalışır ki, qonşudan geri qalmasın. Martın 30-da AXCP Yevlax şöbəsinin Məclis sədri Mehman Kərimlini, 5 gün öncə AXCP Gəncə şöbəsi Gənclər Komitəsi sədri Rəşad Quliyevi dəvət etmişdilər DTX-ya profilaktik söhbətə. İndi də AXCP Lənkəran şöbəsinin fəalı Comərd Qayanı çağırıblar DTX-ya", - bunu isə Əli Kərimli yazıb.
Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirməyib.













