BMT məruzəçiləri Laçın dəhlizi ilə bağlı bəyanat yaydılar

BMT məruzəçiləri Laçın dəhlizi ilə bağlı bəyanat yaydılar

08-08-2023 17:00 / Bu xəbər 812 dəfə oxundu

"Məruzəçilərin hesabatı ola bilər, bəyanatı yox”

Avqustun 7-də BMT-nin bir qrup insan hüquqları üzrə məruzəçisi Dağlıq Qarabağ regionunda humanitar böhrana səbəb olan Laçın dəhlizinin Azərbaycan tərəfindən davam edən blokadası ilə bağlı narahatlığını ifadə ediblər.

Onların yaydığı bəyanatda deyilir ki, son 7 ayda Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yolu əngəlləyən blokada əhalini kəskin ərzaq, dərman və gigiyena vasitələri qıtlığı ilə üz-üzə qoyub: "Tibb və təhsil müəssisələrinin fəaliyyətinə təsir göstərib, insanların, xüsusilə uşaqlar, əlillər, qocalar, hamilə qadınlar və xəstələrin həyatını riskə atıb. Biz Azərbaycan hökumətini qida, sağlamlıq, təhsil, yaşama hüququ da daxil, insan hüquqlarına hörmət və müdafiə üzrə beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin dinc, dayanıqlı həllini tapmaq üçün bütün tərəflər arasında əməkdaşlıq və dialoqun vacibliyini vurğulayırıq”.

Məruzəçilər Azərbaycan hakimiyyətini 2020-ci ilin noyabrında atəşkəs haqqında sazişə uyğun olaraq Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkət edən insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst və təhlükəsiz hərəkətini dərhal bərpa etməyə çağırıblar.

Onlar bölgədə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrini atəşkəs razılaşmasının şərtlərinə uyğun olaraq dəhlizi qorumağa çağırıblar.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlum bəyanatdan təəssüfləndiyini bildirib: "BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil ekspertinin guya Azərbaycan tərəfindən "Laçın dəhlizinin” blokadada saxlandığı və "Dağlıq-Qarabağ” bölgəsində "gərgin humanitar vəziyyət” yarandığı iddiası ilə çıxış etməsi təəssüf doğurur və BMT orqanlarının siyasi manipulyasiya alətinə çevrilməsi cəhdlərindən xəbər verir”.

XİN xatırladıb ki, 30 il ərzində Azərbaycan ərazilərinin işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasına, son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına maneçilik törədilməsinə göz yuman BMT xüsusi məruzəçilərinin və ekspertlərinin Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verməsi narahatlıq doğurur: "Bununla yanaşı, sözügedən şəxslərin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyərək bəyanatda "Dağlıq-Qarabağ” kimi ifadələr işlətməsi, ölkəmizin daxili işlərinə qarışması və ikili yanaşmalar tətbiq etməsi qəbuledilməzdir”.

XİN hesab edir ki, Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmamaqla yanaşı, Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub: "Bütün bunlar BMT və digər beynəlxalq təşkilatlar tərəfindən susqunluqla qarşılanıb”.

Nazirlik həmçinin qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul tarixli qərarında sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi, bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edib: "Azərbaycanın erməni sakinlərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə, bölgədə saxta "gərgin humanitar vəziyyət” barədə iddialar yayıb. Eyni zamanda, 15 iyun tarixində sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib. Bu təxribatlara baxmayaraq, Azərbaycan tərəfi BQXK tərəfindən erməni sakinlərin keçidinə şərait yaradır”.

XİN Azərbaycan tərəfindən "Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflərin irəli sürüldüyün də bildirib: "Onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması "humanitar vəziyyət” barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərib”.

Siyasi şərhçi Rauf Mirqədirov bildirib ki, məruzəçilərin hesabatı ola bilər, bəyanatı yox: "Məruzəçilər yalnız hesabat hazırlayırlar və bunun əsasında BMT-nin müvafiq qurumları bəyanatla çıxış edirlər, İnsan Haqları Komissarlığı, yaxud Qaçqınlar Komissarlığı. Təəssüf ki, burada hesabat olduğu qeyd olunmur”.

Rauf Mirqədirov qeyd edib ki, yayılan sənəddə Azərbaycanın sərhəddə nəzarət-buraxılış məntəqəsi qurmasına toxunulmur: "Bunun konkret səbəbi odur ki, Beynəlxalq Ədalət Məhkəməsinin bu haqda qərarında da Azərbaycanın öz ərazisində nəzarət-buraxılış məntəqəsi qurmasının əleyhinə heç nə yox idi. Əgər belə müddəa olsaydı, beynəlxalq hüquq normalarına zidd sayılardı”.

Onun sözlərinə görə, Azərbaycan nəzarət-buraxılış məntəqəsini qurmaqda düzgün iş görüb: "Hətta bu qərar çoxdan qəbul edilməliydi. Ancaq çox aydın qaydalar olmalı, onlar elan edilməli və situasiyanın ciddiliyi nəzərə alınmalıydı. Bütün hallarda hazırlıq işləri görülməliydi, beynəlxalq təşkilatlar məlumatlandırılmalıydı, yəni deyilməliydi ki, hansı mallar aparıla bilər və.s. Təəssüf ki, rəsmi Bakı bir dəfə də aydın şəkildə bu barədə danışmadı. Azərbaycan müəyyən addım atdı, sadəcə, ardını gətirmədi. Ermənilər də vəziyyətdən istifadə edib dedilər ki, blokadadırlar”.

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib.

Mayın 4-də "Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.

Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.