Qubad İbadoğlu həbs olunandan 9 kiloqram çəki itirib

Qubad İbadoğlu həbs olunandan 9 kiloqram çəki itirib

07-08-2023 23:29 / Bu xəbər 617 dəfə oxundu

ADR sədri ev dustaqlığına buraxılmadı

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, eyni zamanda, London İqtisadi və Siyasi Elmlər Məktəbinin professoru Qubad İbadoğlunun ev dustaqlığına buraxılması məsələsinə bu dəfə avqustun 7-də Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Qubad İbadoğlunun ev dustaqlığına buraxılması üçün öncə Nərimanov Rayon Məhkəməsinə vəsatət verilsə də, təmin olunmamışdı.

Vəkili Zibeydə Sadıqova həmin qərardan apelyasiya şikayəti vermişdi.

Avqustun 7-də qapalı keçirilən məhkəmə iclasında Qubad İbadoğlu özü də iştirak edib.

Onun özü də, vəkili də saxta pul ittihamının əsassız olduğunu bildiriblər.

Qubad İbadoğlunun səhhətindəki problemlər də məhkəmənin nəzərinə çatdırılıb.

Vəkili Zibeydə Sadıqovanın sözlərinə görə, Qubad İbadoğlu məhkəmədə bildirib ki, iyulun 23-də həbs olunanda çəkisi 94 kiloqram idi.

Bu günə qədər artıq 9 kiloqram çəki itirib.

Onun ürəyində ciddi problemlərin olduğunu Bakı İstintaq Təcridxanasında müayinə edən həkimlər də təsdiqləyib.

Bundan əlavə, o, təzyiq və şəkər xəstəliyindən də əziyyət çəkir.

Vəkili bildirib ki, Qubad İbadoğlu tanınmış professordur, onun istintaqdan yayınmaq niyyəti yoxdur. Əksinə, o, bu cinayət işinin sonadək araşdırılmasında və bəraət almaqda israrlıdır.

Məhkəmədə müstəntiq Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasına etiraz edib.

Qısa müşavirədən sonra məhkəmə də apelyasiya şikayətinin təmin olunmadığını açıqlayıb.

Qubad İbadoğlunun qardaşı Qalib Bayramov deyir ki, qardaşının saxlandığı Bakı İstintaq Təcridxanasının rəhbərliyi də vəziyyətin ciddiliyini qəbul edir.

Bu üzdən bir neçə gün əvvəl Qubad İbadoğlunun ürəyinin müayinəsi təşkil olunub.

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib.

Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb.

Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.