Afiəddin Məmmədova 30 sutka həbs cəzası verildi

Afiəddin Məmmədova 30 sutka həbs cəzası verildi

02-08-2023 17:56 / Bu xəbər 858 dəfə oxundu

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, avqustun 1-də saxlanılan Afiəddin Məmmədova 30 sutka inzibati həbs cəzası verilib. 

Meydan TV-nin əldə etdiyi məlumata görə, onun haqqında Xətai Rayon Məhkəməsinin hakimi Rəfail Sadıxov bu barədə qərar çıxarıb. 

O, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsilə cəzalandırılıb.

Afiəddin Məmmədovun üzv olduğu "Demokratiya-1918” Hərəkatının sədri Əhməd Məmmədli bildirib ki, ictimai fəalın məhkəmədə müdafiə hüququ da pozulub. 

O, məhkəmə qarşısına öz vəkili olmadan çıxarılıb:

"Məhkəmənin katibi deyir ki, "hələ məhkəmə keçirilməyib, qərar verilməyib”, amma bu biri tərəfdə Daxili İşlər Nazirliyi ona 30 sutka həbs cəzası verilməsi barədə məlumat yayır. Əvvəl heç olmasa, saxta məhkəmə qurulurdu, indi ona da ehtiyac duyulmur”.

Afiəddin Məmmədov avqustun 1-də axşam saatlarında evə gedərkən onu mülki geyimli şəxslərin saxlayıb, zorla maşına mindirdiyi bildirilir. Sonradan həmin şəxslərin Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları olduğu müəyyənləşdirilib.

Avqustun 1-də bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib. Afiəddin Məmmədovun həmin aksiya zamanı izlənildiyi, daha sonra evə gedərkən saxlanıldığı bildirilir.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası (HİK) və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. 

Bəyanatda deyilir ki, motosikl sürücülərinin qeydiyyat nişanı alması üçün gömrük bəyannaməsi lazımdır. Lakin motosiklların satıldığı yerlər bundan ötrü lazım olan sənədi vermirlər: "Ölkədə baş verən korrupsiya özünü bu sahədə də göstərir…”

İctimai fəal Afiəddin Məmmədov bundan əvvəl də polisə müqavimət ittihamıyla bir neçə dəfə həbs olunub. Lakin o, bu ittihamların saxta olduğunu, ictimai fəaliyyətinə görə cəzalandırıldığını bildirib. Bu həbslərin birində ictimai fəal bildirmişdi ki, Bakı şəhər Baş Polis İdarəsində ondan telefonuna daxil olmaq üçün parolu verməyi tələb ediblər. O isə verməkdən imtina edib. Buna görə orada işgəncəyə məruz qalıb.