Aygünün heyran olduğu ifaçı "Özünü tanıt"dan necə uzaqlaşdırıldı? — QALMAQAL

Aygünün heyran olduğu ifaçı

18-06-2015 12:06 / Bu xəbər 3141 dəfə oxundu

ATV-də yayımlanan "Özünü tanıt" teleşousunun yarımfinalçıları məlum olub. Ancaq maraqlıdır ki, il turda münsiflərin heyranlıqla izlədiyi 11 yaşlı Yeganə Eyvazlı növbəti mərhələyə keçə bilməyib. 

Ölkə.az-ın əməkdaşı bununla bağlı ifaçının anası, tanınmış yazar Elnaz Eyvaz ilə əlaqə saxlayıb. Yazar bildirib ki, qızı Yeganə Eyvazlı bu ilin 12 mart tarixində ATV-də seçimləri keçirilən "Özünü tanıt" teleşousuna qatılıb. 

Y.Eyvazlı həmin gün müsabiqədə iştirak üçün müqavilə imzalayıb və telekanala müsahibə verib. İmzalanan müqavilənin surəti iştirakçıya təqdim olunmayıb:

"Martın 16-da birinci tur keçirildi. Qızım münsiflər heyətinin hər üç üzvünü heyran etdi və özləri də bunu gizlətmədilər. Xüsusən, Aygün Kazımova Yeganəni çox bəyənmişdi. Və efirdən bunu izləyən xeyli tamaşıçı münsiflərin obyektiv qiymətləndirməsilə bağlı sevinclərini bizimlə bölüşdü, qızım da buna hədsi şad oldu Bu, onun qoşulduğu ilk böyük müsabiqədir. Aprelin 16-da efir vasitəsilə yayımlanan verilişlə bağlı 20-yə yaxın xəbər saytı məlumat yaydı. Və hər üç münsif qızıma "hə" deyib, onu ikinci turda gözlədiklərini və onu öz aralarında görmək arzusunda olduqlarını bildirdilər".

E.Eyvaz deyir ki, buna baxmayaraq, müsabiqənin ikinci turu may ayında yalnız münsiflərin iştirakı ilə qapalı şəraitdə keçirilib:

"Bu iki ay ərzində üzərinə düşən məsuliyyəti dərk edib ciddi şəkildə və çox böyük həvəslə ikinci tura hazırlaşan Yeganə yarımfinala keçmədiyini növbəti verilişi izləyəndə bildi. Həmin verilişdə yarımfinalçılar elan edildi. Bəs niyə növbəti mərhələyə keçməyənlərə heç nə deyilməyib? Problem nədir? Əvvəla, bu layihənin 58-ə yaxın ölkədə keçirilidiyini nəzərə alaraq, deyə bilərik ki, əgər ikinci tur başqa ölkələrdə də bu şəkildə qapalı keçirilirsə belə, bəs onda niyə iştirakçıya ikinci tura hazırlaşması tapşırığı verilib? Və nəhayət, bu müsabiqə nə tələb edir - istedadmı? Əgər elədirsə, professional musiqi dərsləri keçmiş, illərlə musiqi mütəxəssindən dərs alan birinin ifası daha çox istedad göstəricisidir, yoxsa heç bir musiqi təhsili olmayan, yalnız öz istedadı ilə tanınmış sənətçilər və böyük auditoriya qarşısına çıxıb həm ifası, həm mahnı seçimi, həm səhnə mədəniyyəti ilə möhtərəm münsifləri heyran edən11 yaşlı qızcığaz? Çox hörmətli Aygün Kazımova, Murad Dadaşov, ABD Malik, siz bu istedada necə və hansı şəkildə "hə" dediyinizi bir daha "youtube"dən izləyin. Səhnəyə ilk addımlarını atan bir istedad sizin qarşısında hansı həyəcanı yaşadı, sizin heyranlığınızdan sonra yaşının az olmasına rəğmən, daha da məsuliyyətlə öz üzərində çalışıb sizin etimadınızı doğrultmağa ciddi cəhd edən körpə fidanın indi hansı sarsıntını yaşadığının fərqindəsinizmi? Müsabiqənin şərti nədir - tam təhsilli, yetişmiş sənətçilərin axtarışı, yoxsa istedadları üzə çıxarıb xalqa təqdim etmək?"

Təşkilatçıların qeyd etdiyinə görə, "Yetenek Sizsiniz" kimi, "Ozünü Tanıt" teleşousu da populyar "Got Talent" telelayihəsinin rəsmi versiyasıdır və şərtlər eynidir.

Sizə "Yetenek Sizsiniz"in şərtlərini təqdim edirik:

Yarışma cəmi 4 turdan təşkil olunur.

1-ci tur: yarışanlar kateqoriyalarına hədd qoyulmadan bacarıqlarını göstərirlər. Dörd nəfər münsif istedadlılar üçün "hə", yaxud "yox" deyir. İlk 5 mərhələdə münsiflər 3 nəfərdən ibarət olur. Ən azından 3 "hə" alan yarışmaçı növbəti tura keçir. Əgər 2 "hə" alan varsa, münsiflər qərarlarına yenidən baxırlar.

2-ci tur: Yarışanlar ilk turdakı bacarıqlarından daha üstün bir bacarıq nümayiş etdirməlidirlər. Salondakı tamaşaçılar onların bacarıqlarına səs verirlər. "Hə" üçün 1, "yox" üçün 2 düyməsinə basırlar. Nəticələr faizlə hesablanır. Hər gün 14 istedaddan ilk 3 yeri tutan birbaşa yuxarı tura adlayır. Dördüncü və 5-ci yerləri tutanların arasından kimin yuxarı tura keçməsinə münsiflər qərar verir. Üç səsdən 2-ni alan udmuş hesab olunur.

Yarımfinal: Yarışanlar daha üstün bacarıq göstərmək məcburiyyətindədirlər. Əvvəlki turda olan eyni səsvermə üsulu ilə hər gün 14 istedadlıdan ilk ikisi birbaşa, 3,4 və 5-ci yerləri tutanlardan birisi münsiflərin qərarı ilə finala buraxılır.

Final: Finala çıxan istedadlar 2 gün içində yarışırlar. Finalda səslər SMS-lə müəyyən edilir. Öncə 2 gün içində finalda yarışan istedadlardan 2 nəfəri seçilir. Sonra 20 dəqiqə müddətində verilən SMS səsləri ilə qalib müəyyən edilir.

Göründüyü kimi, qapalı tur yoxdur, ikinci tur da birinci tur kimi iştirakçıların öz istedadını göstərməklə baş tutur.

Məsələ ilə bağlı ATV-nin də rəsmi mövqeyini öyrənməyə çalışacağıq.