“Uşaqları qəsəbə camaatı quyudan çıxardı, polislə FHN tamaşa etdi”
20-05-2023 00:18 / Bu xəbər 3516 dəfə oxundu
Maştağa qəsəbəsində neft quyusuna düşən 2 azyaşlıların cansız bədəni sakinlərin köməyi ilə quyudan çıxarılıb.
Ailələr deyir ki, hadisə günü polis uşaqların axtarışına laqeyd yanaşıb.
Yalnız azyaşlıların ayaqqabısı quyunun kənarında tapılandan sonra onların neft quyusunda olduğu müəyyənləşib. Bu dəfə isə FHN əməkdaşları uşaqları çıxarmaqdan imtina edib.
Qəsəbədə üstü açıq daha 8 quyu olduğu deyilir.
Qəsəbə sakinləri deyir ki, neft quyuları SOCAR-a məxsusdu.
SOCAR isə mediaya açıqlamasında quyuların şirkətin balansında olmadığını deyib.
Övladlarını itirən ailələr isə quyularla bağlı təhlükəsizlik tədbirlərinin görülməsini tələb edirlər.
Maddi sıxıntılar içində yaşayan azyaşlıların ailəsi qəbirlərinin götürülməsi üçün onlara yardım olunmasını istəyir.
Mayın 17-də 10 yaşlı Ağa Rəhimov və Hüseyn Qasımov dərinliyi təxminən 45-50 metr olan mazut və çirkab sularla dolu quyuya düşüblər.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.