Gədəbəyin icra başçısı: "Söyüdlüdə ikinci süni göl yaradılmayacaq"

Gədəbəyin icra başçısı:

21-06-2023 15:54 / Bu xəbər 2876 dəfə oxundu

Orxan Mürsəlov: "Heç kimin polisə daş atmağa ixtiyarı yoxdur"

"Söyüdlü kəndi ərazisində ikinci süni göl yaradılmayacaq”.

Bunu Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov etirazçılarla görüşündə jurnalist Aytac Tapdığın sualına cavabında deyib. 

Jurnalistin suallarını cavablandıran O. Mürsəlov ərazidə ikinci süni gölün qazılmayacağını bəyan edib.

İcra başçısı sakinlərlə görüşdə aqressiv mövqe nümayiş etdirib, o həmçinin jurnalistlərlə də kobud davaranıb. 

Eyni zamanda, sakinləri polisə daş atmaqda qınayıb. 

O suyun zəhərlənməsi ilə bağlı iddiaları da təkzib edib.

"Sianid turşusunun zəhərli olması ilə bağlı nə bilirik? Kim deyir onu? Sosial şəbəkələrdə yayılan dezinformasiya xarakterli xəbərlərdir. Göl zəhərli olsaydı, 73 yaşlı nənənin səsi məndən yüksək çıxmazdı", - deyə Orxan Mürsəlov bildirib. 

"Bəli dünən xəsarət alanlarla bağlı xəbərim var. Amma dünən polisə daş atıblar. Heç kimin polisə daş atmağa ixtiyarı yoxdur. Bu gün Azərbaycan polisi olmasa, siz bu gün mikrafonu, kameranı mənə rahatlıqla tuşlaya bilməzsiniz", - icra başçısı qeyd edib. 

İyunun 21-də Gədəbəydə etiraz aksiyasının ikinci günü davam edib.

Söyüdlü kəndinin sakinləri evlərinin yaxınlığında qızıl mədənləri üçün salınacaq süni gölə etiraz ediblər.

Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.

Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır.

Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlığına zərər vurur.

Əllərində "Təbii sular zəhərlənir”, "Kür çayı zəhərlənir”, "50 yaşında insanlar ağciyər xəstəliyindən qırılır” yazılmış plakatlar tutan insanların etirazlarına iyunun 20-dəki aksiyada həbs edilən gənclərin azalığı ilə bağlı çağırış da əlavə edilib.

Sakinlər 6-7 nəfər kənd sakininin həbs edildiyini, yaxınlarının onlarla görüşünə imkan verilmədiyini bildirirlər.

Kənd sakinləri iyunun 20-də polislə qarşıdurmadan da danışıblar.

Onlara xəsarət yetirildiyini, döyüldüklərini və onlara qarşı gözyaşardıcı qazdan istifadə edildiyini bildiriblər: "Bizi yerdə sürüdülər. Bunu edənlər elə bil azərbaycanlılar deyildi. Bizim uşaqlarımız xəstə doğulur, yaxud gənc yaşda ağciyər xəstəliyindən əziyyət çəkir. Bu, ciddi problemdir və biz buna etiraz edirik. Bunun üçün adamı yerdə sürüyər, döyərlər? Çoxumuz xəstə, yaşlı insanlarıq. Dünənki hadisədən sonra gecəni yata bilməmişik. Haqqımızı tələb edirik, bizə kömək edin, amandır. Burada bizim vəziyyətimiz çox pisdir”.

İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.

Sakinlər həmin süni gölün suyunun zəhərli olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticəsində də insanların sağlamlığına mənfi təsir etdiyini bildirir.

Aksiya iştirakçıları bildirib ki, yaradılan su hövzəsində zəhərli maddələr toplanır. Etiraza səbəb olan süni göl kənddə yaradılan ikinci su hövzəsidir.

İyunun 20-də baş tutan aksiyada polis insanlara xəsarət yetirib, insanlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Günün sonunda 5 nəfərin həbs edildiyi açıqlanıb.

Bu gün isə sakinlər həbs edilən kənd sakinlərinin 7 nəfərə yaxın olduğunu bildiriblər.

Yerli sakinlər deyiblər ki, həmin beş nəfər 20 sutka müddətinə inzibati qaydada həbs olunub.

Sakinlər həm həbs edilənlərin buraxılmasını, həm də su hövzəsinin tikilməsinə etiraz edirlər.

Aksiyadan yayılan videoların birində onsuz da geri dönən kənd sakininin gözünə polis gözyaşardıcı qaz sıxır.

Digər bir görüntüdə isə polis başqa bir qadına qarşı güc tətbiq edir.

Daxili İşlər Nazirliyindən bildirilib ki, video araşdırılır, bunun üçün nazirliyin bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam edilib: "Həmin fakt üzrə xidməti yoxlama aparılır”.

Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər. 

Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.

Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.

Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.

Hadisə Azərbaycanın sosial şəbəkə seqmentində və mediasında geniş rezonans doğurub.