“Fəridin ittihamı İranla Azərbaycan arasındakı konfliktə görə uydurulub”
05-06-2023 15:28 / Bu xəbər 2367 dəfə oxundu
Bu il fevralın 20-də Almaniyadan İrana getdikdən sonra barəsində məlumat olmayan Azərbaycan vətəndaşı Fərid Səfərlinin iyunun 1-də İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.
Səfərlinin anası Dilarə Əsgərova bildirib ki, İran tərəfi bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə rəsmi məlumat göndərib.
Dilarə Əsgərova deyib ki, Almaniyada təhsil alan Fərid Səfərli fevralın 20-də eyni universitetdə oxuduğu qızın dəvətilə Tehrana gedib. Martın 4-dən onunla əlaqə kəsilib. Əsgərova martın son günlərində İrana oğlunu axtarmağa gedib, lakin məlumat əldə edə bilməyib. Bundan sonra ana martın 31-də İranın Azərbaycandakı səfirinin müavini ilə görüşüb.
O, oğluna qoyulan casusluq ittihamını qəbul etmir.
Əsgərova oğlunun azad olunmasına kömək etməsi xahişi ilə ölkə başçısı İlham Əliyevə müraciət edəcəyini bildirib. O, həmçinin Almaniya hökumətinə də müraciət edəcək.
Azərbaycanla İran arasında gərginlik davam edir. Hər iki tərəfin münasibətin gərginləşməsi fonunda sadə insanları casusluq adı ilə həbs etməsi haqda məlumatlar var.(Meydan TV)