Azərbaycan Ordusu ingilislərə Şimali Qafqaza girməyi təklif edib - Altay Göyüşovun yazısı

Azərbaycan Ordusu ingilislərə Şimali Qafqaza girməyi təklif edib - Altay Göyüşovun yazısı

28-04-2019 13:05 / Bu xəbər 1699 dəfə oxundu

"Azərbaycan Ordusunun Baş Qərargahı və hökumətimiz ingilisləri inandırmağa çalışırdılar ki, bolşevik ordusunun gəlib Şimali Qafqaza girməsini gözləmək lazım deyil. Əksinə Azərbaycan ordusu Şimali Qafqaz ərazisinə daxil olmalı, gürcü ordusu və yerli üsyançılarla birlikdə bolşeviklərlə Terek sahilində üz-üzə gəlməlidir. Tarixdən bilirik ki, Pilsudski məhz belə taktika ilə Stalinin rəhbərliyi altındakı bolşevik ordusunu məğlub edib, Polşanı işğaldan qorumuşdu".

1920-ci il aprelin 28-də bolşeviklər Azərbaycanı işğal edib, Azərbaycan Cümhuriyyətinin (AC) müstəqilliyinə son qoyublar.

Hər il aprelin 28-i AC-ın Sovet Rusiyası tərəfindən işğal olunduğu gün kimi xatırlanır. 

Arqument.Az tarixçi alim Altay Göyüşovun 2015-ci ildə aprel işğalı ilə bağlı yazdığı yazını təqdim edir:

"Cümhuriyyətin işğalının növbəti ildönümüdür. 

Bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm.

Öncədən onu deyim ki, bu fikirlər nə Azərbaycan tarixşünaslığında, nə Türkiyə tarixşünaslığında, nə Rusiya tarixşünaslığında, nə də Qərb tarixşünaslığında bu cür izah olunmayacaq.

Ondan başlayaq ki, Azərbaycan Cümhuriyyətini Sovet Rusiyası işğal edib. Sual olunur ki, bu işğalın qarşısını almaq olardımı? Axı, hər halda faktdır ki, Polşa və Baltık ölkələri Cənubi Qafqazadan fərqli olaraq istiqlaliyyətlərini ikinci dünya müharibəsinə qədər qoruya bildilər, məhz Qərb ölkələrinin dəstəyi ilə.

Bizim bu sarıdan bəxtimiz ilk növbədə ona görə gətirmədi ki, Atatürk Türkiyəsi Sovet Rusiyasının müttəfiqinə çevrildi və bununla da işğalı asanlaşdırdı.

Qərb isə Rusiya Türkiyə birliyini görüb buradan getdi və tələb olunan dəstək verilmədi.

Ülvi bəy bayaq düz yazmışdı ki, ingilislər ilk əvvəl Azərbaycan istiqlalının qorunmasında çox müsbət rol oynamışdılar. Əgər Osmanlı Azərbaycan dövlətinin formslaşmasına inkar olunmaz töhfə vermişdisə, ingilislər müharibə qurtarandan sonra Osmanlının əvəzini bizdən çıxmamış, istər dediyim kimi istiqlalın möhkəmlənməsinə, istər ölkədə demokratik quruluşun ayaq tutub yeriməsinə, istərsə də Qarabağın Azərbaycan hüdudları daxilində qalmasına ciddi yardım göstərmişdilər.

Bir az xronoloji cəhətdən irəli gedib onu deyim ki, sonradan Atatürk Türkiyəsi də Naxçıvanın Sovet Azərbaycanı ərazisi kimi qalmasına oxşar vasitəçi olmuşdu.

Amma qayıdaq sualımıza. Məsələ burasındadır ki, o vaxt Azərbaycan Cümhuriyyətinin liderləri İngilislərə və Qərbə başa salmağa çalışırdılar ki, siz Şimali Qafqazda Denikinə kömək etməklə faktiki Sovet Rusiyasına da dolayısı ilə kömək edirsiniz. Çünki siz, ingilislər orada köhnə, camaatın bezdiyi çar rejiminin təmsilçisi olan Denikinin "vahid bölünməz Rusiya" ideyasını dəstəkləməklə faktiki olaraq şimali qafqazlıların, onlara ən azı muxtariyyət söz verən Sovet Rusiyası ilə yaxınlaşmasına səbəb olursunuz.

Düzdür ingilislər Denikinə nə Azərbaycan, nə də Gürcüstana girməyə imkan verdilər, amma bu az idi. Bizim və Gürcüstan hökumətinin təkid etdiyi kimi Denikinin heç Şimali Qafqazı da tutmasına imkan vermək olmazdı. Sonda isə deyilən kimi də oldu. Üsyana qalxmış şimali qafqazlılar Denikini bolşeviklərin müttəfiqlik təklifini qəbul edərək darmadağın etdilər.

Bundan sonra Azərbaycan Ordusunun Baş Qərargahı və hökumətimiz ingilisləri inandırmağa çalışırdılar ki, bolşevik ordusunun gəlib Şimali Qafqaza girməsini gözləmək lazım deyil. Əksinə Azərbaycan ordusu Şimali Qafqaz ərazisinə daxil olmalı, gürcü ordusu və yerli üsyançılarla birlikdə bolşeviklərlə Terek sahilində üz-üzə gəlməlidir. Tarixdən bilirik ki, Pilsudski məhz belə taktika ilə Stalinin rəhbərliyi altındakı bolşevik ordusunu məğlub edib, Polşanı işğaldan qorumuşdu.

Azərbaycan hökumət ingilislərə izah edirdi ki, düzdür, dağıstanlılar və digər Şimali Qafqaz üsyançıları sizə köhnə rejimin nümayəndəsi olan Denikinə yardımçı olduğunuz üçün etibar etmir. Amma bizdən isə məhz yardımçı olmağımızı xahiş edirlər. Biz sizdən gizli olaraq onlara həm maaliyyə, həm silah, həm hərbi kadr yardımı etmişik. Üsyançıların rəhbərliyi ilə mütəmadi təmaslarımız var. 7 vilayətin Azərbaycan cümhuriyyətinə birləşmək istəyi haqqında qərarı var.

Fəqət alınmadı. İngilislər qəti şəkildə yox dedilər, bizimkilər isə beynəlxalq dəstək olmadan Şimali Qafqaz ərazisinə müdaxilə etməkdən çəkindilər. Beləliklə, dağıstanlılara "sizə Şəriətlə yaşamağa icazə verəcəyik" deyən bolşeviklər üsyan rəhbərləri Uzun Hacının və Şeyx Əli Hacı Akuşalının çarəsiz razılığı ilə bizim sərhədlərə yaxınlaşdılar. Sizə qəribə gələ bilər, amma bolşeviklər məhz Şeyx Əli Hacını Dağıstanda ilk inqilabı bolşevik hökumətinin rəhbəri qoymuşdular. Yəni bolşeviklər qat-qat ingilislərdən ağıllı və tədbirli hərəkət etdilər.

İndi bu hadisələrlə əlaqədar iki vacib məqamı da qeyd etmək istəyirəm. 1920-ci ildə baş verənlər çox ibrətamizdir. Çünki mən hesab edirəm ki, Qərb o dövrdə buraxdığı strateji səhvi yenə də təkrar etməkdədir. O vaxt Qərb Dağıstan və Şimali Qafqaz azadlıq sevərlərini deyil, Denikini müdafiə etməklə bolşevik işğalını asanlaşdırdı. Bu gün də şimal təhlükəsi Putin simasında zühr etmişdir. Qərb və burada xüsusən ingilislər bütün səylərini demokratikləşməyə yardlmçı olmağa sərf etmək əvəzinə, camaatın narazı olduğu avtoritar sistemi dəstəkləməklə ictimai rəyin özlərinə qarşı çevrilməsinə və beləliklə də Putinin planlarına istəmədən yardımçı olurlar.

İkinci məsələ odur ki, nə qədər Qərbdən narazı olsan da, şərlə iş birliyinə getmək çıxış yolu deyil. Bolşevik Rusiyası ilə iş birliyinə getmiş Şimali Qafqaz üsyançılarının da, bizdəkilərin də başda Əli Heydər, Mirzə Davud, Nərimanov, digərləri olmaqla hamısının aqibəti faciəvi oldu. Tarix dərs keçir, məhz öyrənmək üçün.

Məsələn, inanın ki, Putinlə iş birliyinə getmiş Kadırovun axırı da yaxşı olmayacaq. Artıq cücərtiləri də görsənmək üzrədir....

Halbuki vaxtilə Sovet Rusiyası ilə birləşib bizim Cümhuriyyəti "ingilisçi" adlandıran Türkiyə axırda elə o "ingilisçilərin" bəyan etdiyi yola qoşulub, NATO üzvü oldu. Çünki ən düz olanı budur.

Aqramuntları var, İrvinskiləri var, Eskuderoları var, Cleggləri var özü də "itüvə tök", amma həm də cavabdeh hökumətləri, aliliyi təmin edilmiş liberal qanunları, yüksək yaşayış standartları da var. Həqiqi inkişaf da bütün çatışmazlıqlarına rəğmən oradadır. Nicatımızı da məhz bu kontekstdə axtarmalıyıq".

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.