Azərbaycanda daha bir şirkətin 600 minə yaxın vergi borcu var

Azərbaycanda daha bir şirkətin 600 minə yaxın vergi borcu var

14-03-2024 14:41 / Bu xəbər 941 dəfə oxundu

İstehsal gücü gündə 120 ton maye şüşə, nizamnamə kapitalı 35.950.630 manat olan "Qaradağ Şüşə Zavodu" ASC-nin külli miqdarda vergi borcu var.

"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, qanuni təmsilçisi Əliyev İsgəndər İsrafil oğlu olan zavodun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 576.128,08 manat vergi borcu yaranıb. 
 
Bu arada, zavod barəsində gömrük qaydaları əleyhinə olan (mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunub. 

Protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

İş Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun icraatındadır. 

Zavod əvvəllər "ASK Şüşə" Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə fəaliyyət göstərib. 

Ötən ilin avqust ayında "Qaradağ Şüşə Zavodu" ASC "Glass Vay" MMC tərəfindən özəlləşdirilib. 

Bu müəssisə isə vaxtilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə girov qoyulmuş "İnterGlass" ASC-nin bazasında təşkil edilib. 

Onun İdarə Heyətinin sədri olmuş İlal Əhmədov hazırda şirkətin qanuni təmsilçisidir.