Azərbaycanda Zəfər paradı keçirilib
10-12-2020 16:45 / Bu xəbər 1402 dəfə oxundu
İlham Əliyev: "Türkiyənin bugünkü paradda iştirakı tamamilə qanunauyğundur və haqlıdır"
Dekabrın 10-da Bakının Azadlıq meydanında İkinci Qarabağ Müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak ediblər.
Zəfər paradına müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev komandanlıq edib.
Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi nəzərdə tutulur.
Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunub.
Tədbir müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verməsiylə başlayıb.
Dövlət başçıları əsgərləri salamlayandan sonra hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa edib.
Zəfər paradı
Mənbə: Azərtac
Ardınca hər iki ölkənin prezidentləri çıxış ediblər.
Azərbaycan dövlət başçısı İlham Əliyev "müharibənin ilk günündən Türkiyənin dəstəyini hiss etmişik” söyləyərək əlavə edib ki, Türkiyə prezidentinin birmənalı sərt bəyanatları Azərbaycanda böyük sevinc yaratdı və bizim haqlı mübarizəmizə real dəstək oldu: "Buna görə də Türkiyənin bugünkü paradda iştirakı tamamilə qanunauyğundur və haqlıdır. Biz tarixi qələbə qazandıq”.
İlham Əliyev Azərbaycan ərazilərinin işğalının 30 il bundan öncə başladığını xatırladaraq bildirib ki, 80-ci illərin sonlarında Ermənistanda yüz minlərlə azərbaycanlının qovulduğu vaxt başlanıb:
"Daha sonra Qarabağda bütün azərbaycanlıların qovulması ilə etnik təmizləmə prosesi başlayıb və nəhayət, azərbaycanlılar Qarabağın ətrafındakı yeddi rayondan qovulub".
Prezident deyib ki, ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpası üzrə diplomatik səylər məlum qətnamələrin qəbul edilməsinə və Azərbaycanın işğal edilmiş ərazilər üzərində suverenliyinin tanınmasına gətirib çıxarıb:
"Ancaq Ermənistan bunu etiraf etmək və işğal olunmuş torpaqları sülh yolu ilə geri qaytarmaq istəməyib. Biz bütün bu illər ərzində hazırlaşmışıq və münaqişənin hərbi yolla həllini heç vaxt istisna etməmişik. Bu gün biz tarixi ədaləti bərpa etdik. Hərbi həll qaçılmaz idi, çünki dünya birliyi münaqişənin həlli üçün heç nə etmədi. Son iki ildə Ermənistan hakimiyyətinin siyasəti bir daha göstərdi ki, danışıqlar mənasızdır. Bundan əlavə, Yerevan Azərbaycana qarşı hərbi təxribatları gücləndirib, müharibəyə hazırlaşdığına işarə etməyə başlamışdı. Biz sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra hərbi əməliyyatlara başlamaq məcburiyyətində qaldıq. Mən əmr verdim ki, irəli Azərbaycan ordusu, torpaqlarımızı azad edək! 44 gün ərzində biz hər gün irəli gedərək yeni mövqelər tutaraq bir çox uğurlu əməliyyatlar həyata keçirdik. Bu müqəddəs müharibənin sonu Şuşanın azad edilməsi oldu. Yalnız bundan sonra Ermənistan kapitulyasiya etdi”.
"Bütün müharibə dövründə bizdə heç bir fərari olmadı, halbuki Ermənistan tərəfində 10 min fərari vardı”, - deyə Əliyev çıxışını yekunlaşdırıb.
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev
Mənbə: Azərtac
Rəcəb Tayyib Ərdoğan: "Ermənistan xalqı baş verənlərdən nəticə çıxarmalıdır"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Əziz Azərbaycan xalqı, bütün Türkiyə müharibənin ilk günlərindən sizin yanınızda olub. Biz heç zaman "bir millət, iki dövlət” şüarını səsləndirəndən sonra Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir" məşhur kəlamını unutmadıq”, - deyə bildirib:
"Bu gün bir milyon qaçqın öz torpaqlarına qayıtmağa hazırlaşır, hərçənd o torpaqlarda hər şey dağıdılıb. Amma hamısını birlikdə bərpa edəcəyik. Qoy, Ermənistan hakimiyyəti öz zəhərli ideologiyasından, xarici dairələrin təsirindən azad olsun. Ermənistan xalqı baş verənlərdən nəticə çıxarmalıdır və bu, regiondakı vəziyyəti köklü şəkildə dəyişməyə kömək edəcək. Mahnıda oxunduğu kimi: Şuşa üzərində dumanlar bundan sonra dərdli olmayacaq, Laçın haqqında mahnı isə belə kədərli olmayacaq”.
"Bu gün Qarabağ şəhidlərinin, Ənvər Paşanın və bütün türk dünyası qəhrəmanlarının ruhunun dinclik tapdığı gündür! Bu qələbə münasibətilə bütün Azərbaycan xalqını və onun şanlı ordusunu və Türkiyə ordusunu təbrik edirəm!”, - Ərdoğan belə deyərək çıxışını bitirib.
Zəfər paradı
Mənbə: Azərtac
Dövlət başçılarının çıxışlarından sonra Zəfər paradı başlayıb.
Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Məmmədovun başçılıq etdiyi döyüş bayraqdarları qrupu Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirib.
Üç kolondan ibarət parad heyətinə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev başçılıq edib.
Ardınca Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları birinci dərəcəli kapitan Zaur Quliyevin başçılığı ilə tribuna önündən keçiblər.
Sonra Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət parad heyətləri tribunanın önündən addımlayıblar.
Dövlət Təhlükəsizliyi Xidmətinin parad heyətinə general-mayor Rövşən Muxtarov başçılıq edirdi.
Daha sonra polkovnik Səid İsayevin başçılığı ilə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları, polkovnik Taleh Məşədiyevin rəhbərliyi ilə Birinci Ordu Korpusunun döyüşçüləri, polkovnik Nemət Müseyibovun başçılığı ilə İkinci Ordu Korpusunun, polkovnik-leytenant Kamran Ağabalayevin rəhbərliyi ilə Üçüncü Ordu Korpusunun, polkovnik İlham Məmmədovun başçılığı ilə Dördüncü Ordu Korpusunun və polkovnik-leytenant Dəyanət Müslümovun rəhbərliyi ilə Altıncı Ordu Korpusunun hərbi qulluqçuları tribuna önündən keçiblər. Raket və Artilleriya Qoşunlarının hərbi qulluqçuları da tribuna önündən mətin addımlarla irəliləyiblər.
Parad
Mənbə: Azərtac
Parad heyətinə polkovnik İsmixan Məmmədov başçılıq edirdi.
Zəfər paradında Türkiyə Respublikası Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçular minbaşı Harun Ergenin rəhbərliyi ilə tribuna önündən keçiblər.
Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar - "KamAZ” markalı avtomobilin qoşqusunda D-30, "Ural” markalı avtomobilin qoşqusunda D-20 topları, qoşqu üzərində zenit qurğuları, "ŞİLKA”, "OSA-1T”, "KUB” zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), "T-72” tankları, eləcə də istifadəyə yararsız texnikalar - zirehli "UAZ Patriot”, "UAZ Hunter” minik, "ZİL-131”, "Ural”, "KamAZ” markalı yük avtomobilləri, 122 millimetrlik "Qvozdika” özüyeriyən artilleriya qurğusu, BM-21 "Qrad” qurğuları, PDM-1 və PDM-2 texnikaları, T-72 tankları tədbirdə nümayiş olunub.
Parad
Mənbə: Azərtac
Zəfər paradı
Mənbə: Azərtac