Qazax sakini: “Bələdiyyə sədri həm pulumu mənimsəyib, həm də özümü məhkəməyə verib”

Qazax sakini: “Bələdiyyə sədri həm pulumu mənimsəyib, həm də özümü məhkəməyə verib”

18-12-2022 03:02 / Bu xəbər 1110 dəfə oxundu

Bələdiyyə sədri vətəndaşdan borc aldığını deyir

"Bələdiyyə sədri məni aldadıb. 3700 manatımı alıb, mənə torpaq sahəsi satıb. Sonradan da əlavə pul alıb məndən… Onun üzündən başqa maddi zərərlər də çəkmişəm. Aldadıldığımı başa düşəndən sonra prokurorluğa müraciət etmişəm. İndi işi özümə qarşı çeviriblər. Məni məhkəməyə verib, guya şərəf və ləyaqətini təhqir etmişəm. Bir sözlə, yanan da mən, yaman da mən olmuşam”.

Qazax rayonunun Ağköynək kənd sakini Murad Mustafayev Meydan TV-yə danışır ki, 2022-ci ildə torpaq sahəsi almaq üçün Ağköynək-Qarapapaq kəndinin bələdiyyə sədri Nəzakət Mənsurovaya müraciət edib. Kənd ərazisindən 1,5 sot torpaq sahəsi ayrılması üçün bələdiyyə sədrinə 3700 manat verib. Ancaq sonradan bələdiyyə sədri bildirib ki, həmin torpaq sahəsini ona satmaq mümkün deyil. Torpaq sahəsindən təxminən yarım kilometr aralıda 6 sot torpaq sahəsi verib. Əlavə pul da alıb:

"Dedi, o torpaq düzəlmir, gəl, onun əvəzinə sənə başqa yerdən 6 sot torpaq verim.  Ancaq 900 manat da əlavə pul verməlisən. Soruşdum ki, bu 900 manat nəyə görədir? Dedi, 6 sot torpağın hər sotunu 150 manatdan verirəm sənə. Dedim, axı mən sənə artıq 3700 manat vermişəm. Bildirdi ki, o pul yoxdur, xərclənib. Məcbur olub istədiyi pulu verdim. Ancaq gördüm ki, bu torpağı da sənədləşdirə bilmir. Araşdıranda məlum oldu ki, indi də mənə göstərdiyi 6 sot torpaq sahəsi başqasının istifadəsində olan 1 hektar sahənin ərazisinə düşür”.

Murad Mustafayev deyir, ikinci dəfə də aldadıldıqdan sonra bələdiyyə sədrindən rayonun hüquq-mühafizə orqanlarına şikayət edib. Ancaq qısa müddətdən sonra işə xitam verilib. Əvəzində bələdiyyə sədrinin vətəndaşla bağlı məhkəməyə etdiyi şikayət icraata götürülüb:

"Yaxın qohumu sosial şəbəkədə bələdiyyə sədrinin işini tərifləmişdi. Mən də altına rəy yazmışdım ki, gətirsin, pulumu qaytarsın. Buna görə bələdiyyə sədri məni məhkəməyə verib. Guya şərəf və ləyaqətini alçaltmışam”.


Murad Mustafayev. 
Foto: Meydan TV

DİN Gəncə Regional Qrupundan Meydan TV-yə bildirilib ki, bu iş üzrə polis tərəfindən araşdırmalar aparılıb. Bələdiyyə sədri Nəzakət  Mansurova polisə yazdığı izahatında bildirib ki, 2021-i ilin sentyabr ayında övladının müalicə və əməliyyatı üçün həmkəndlisindən 3700 manat borc alıb. Borcu qaytara bilmədiyi üçün Ağköynək kənd bələdiyyəsinə məxsus 0.6 ha torpaq sahəsini həmin borcun əvəzində Murad Mustafayevə vermək istəyib. Borc mübahisəsi olduğuna görə polis cinayət işinin başlanması rədd edib. Şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunub.

Murad Mustafayev Nəzakət Mənsurovaya pul verərkən lentə aldığını dediyi səs yazılarını da Meydan TV-yə göndərib.

Nəzakət Mənsurova isə Meydan TV-yə bildirib ki, Murad Mustafayevdən borc alıb və həmin pulu onun bank hesabına göndərib.

Murad Mustafayevsə deyir, Nəzakət Mansurova onun bank hesabına 3700 manat göndərib. Ancaq o, məbləği qəbul etmir:

"Əvvəla, rayonun hüquq-mühafizə orqanları bir bələdiyyə sədrinin dələduzluğunu borc adı altında ört-basdır etmək istəyir. İkincisi, mənə dəymiş zərər 3700 manat yox, 6900 manatdır. 3700 manat bələdiyyə sədrinin məndən birinci torpaq sahəsinə görə aldığı məbləğ idi. Ondan sonra ikinci dəfə 900 manat alıb və qaytarmayıb. Əlavə olaraq da ona pul vermək üçün maşınımı lizinqə qoyub maddi zərərə düşmüşəm. Toplam olaraq mənə 6900 manat ödəməlidir”.