Qəzalı yataqxananın sakini: Nəvəm rütubətdən xəstəlik tapıb öldü
26-12-2022 19:16 / Bu xəbər 969 dəfə oxundu
Söhbət Göyçaydakı Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli yataqxanadan gedir
"Tavana sellofanlar çəkmişik. Çünki binanın yuxarı mərtəbələrindən tökülən kanalizasiya suları otağımıza axır. Divarlar çirkab sulardan yararsız hala düşüb”.
Validə Rəhimova 23 ildir ki, Göyçaydakı Heydər Əliyev prospektində yerləşən 106 saylı Peşə Liseyinin yataqxanasında yaşayır. O, Meydan TV-yə illərdir yataqxanakı su-kanalizasiya probleminin mövcudluğundan danışır.
"Evimin bütün əşyaları, çarpayılarımız, yorğan-döşəklərimiz – hamısı rütubətdən tullantıya çevrilib. Yataqxananın otaqlarındakı və dəhlizlərdəki üfunətdən beyin çatlayır”.
"Tualet suları otaqlara axır, üfunətdən beyin çatlayır”
Validə xanım deyir, məsələ təkcə tualet sularının evlərə axmasıyla bitmir. Binaya içməli su ümumi və sayğacsız verilir. 1 ildən çoxdur ki, su krantı xarab olub. İçməli su boş yerə axır, bu da gündəlik böyük su israfına səbəb olur.
Yataqxananın elektrik sistemi də çoxdan çöküb, ömrünü çoxdan başa vurmuş elektrik naqilləri dəhlizlərə ölüm saçır.
Əsasən qış aylarında ailələr istilik cihazlarından istifadə etdiyi üçün naqillərdə tez-tez qısaqapanmalar baş verir. Bu da insanların həyatına təhlükə yaradır: "Binanın hər iki tərəfi yatıb, zirzəmi su ilə doludur. Burda 60-70 ailə əziyyət çəkir. İcra hakimiyyətinə gedirik, eləcə deyirlər ki, qəzalı binadır, bizlik deyil”.
Validə xanım deyir, bir övladı əlildir, 15 yaşlı nəvəsi isə rütubətdən xəstəlik tapıb, ötən il vəfat edib.
Göyçay Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, barəsində danışılan beşmərtəbəli yataqxana binası Təhsil Nazirliyinin balansındadır.
Əvvəllər yataqxanada köçkünlər məskunlaşıb. Ancaq köçkünlər başqa yaşayış yerlərinə köçürüldükdən sonra yataqxanada yerli sakinklər məskunlaşıb: "Heydər Əliyev prospektində bir neçə yataqxana var. Sizin danışdığınız bina Göyçay Peşə Liseyinin yataqxanasıdır. Təhsil Nazirliyinin balansındadır. O bina Fövqəladə Hallar Nazirliyinin qəzalı tikililər siyahısındadır. Köçkünlər ordan köçürüləndən sonra hətta evi olan yerli sakinlər də gəlib ordakı boş otaqları tutublar”.
Qurumdan bildirilib ki, bina tamamilə qəzalı vəziyyətdə olduğuna görə orada hər hansı təmir işi görmək mümkün deyil. Sakinlərin köçürülməsi və binanın sökülməsiylə Fövqəladə Hallar Nazirliyini məşğul olacaq.