Azərbaycanın demokratiya balı niyə azaldı?
04-04-2017 21:09 / Bu xəbər 2261 dəfə oxundu
"Azərbaycan hazırda ifadə azadlığına görə dünyada ən acınacaqlı durumda olan ölkələrdəndir”.
Bunu Toplum Tv-yə açıqlamasında hüquq müdafiəçisi Anar Məmmədli deyib.
"Siyasi repressiyalara son verilməlidir”
Onun sözlərinə görə, hazırda Azərbaycan Qafqaz ölkələri arasında insan hüquq və azadlıqlarının müdafiəsinə görə ən aşağı olan ölkədir:

"Hazırda Azərbaycan Qafqaz ölkələri arasında insan hüquq və azadlıqlarının müdafiəsinə görə ən aşağı olan ölkədir. Bunun üçün "Freedom House” və ya başqa təşkilatların hesabatından öncə ölkədə baş verən son prosesləri izləmək kifayətdir. Azərbaycanda medianın durumu acınacaqlı vəziyyətdədir. Gürcüstanda bu gün müstəqil radio və televiziyalarına imkan varsa, Ermənistanda müstəqil radio və televiziyalarından fərqli fikir eşitmək mümkündürsə, Azərbaycanda görmək olar ki, televiziya və radio məkanı vətəndaş cəmiyyətinin, siyasi fəalların, fərqli düşüncəli insanların üzünə bağlanıb. Heç bir ölkədə internet üzərində bu cür nəzarət yoxdur, siyasi məhbusların sayı artmaqda davam edir. Bütün bunlar beynəlxalq təşkilatlar tərəfindən izlənilir. Azərbaycan hazırda ifadə azadlığına görə dünyada ən acınacaqlı durumda olan ölkələrdəndir. Bu tendensiyanın qarşısını almaq üçün hakimiyyət özündə siyasi iradə və siyasi güc tapmalıdır. Siyasi repressiyalara son verilməlidir”.
"Azərbaycanda demokratiya vətəndaşların maraqlarına görə qurulub"
Deputat Aydın Mirzəzadə isə Toplum.Tv-yə verdiyi açıqlamasında "Freedom House” təşkilatının yanaşmasının qərəzli olduğunu qeyd edib:

""Freedom House” təşkilatının Azərbaycanla bağlı oturuşmuş bir fikri var. Onların sıralamasında siyasi məqsəd güdülür. Dövlət müstəqilliyini və sərbəstliyini qoruyan ölkə haqqında "Fredom House” mənfi fikir formalaşdırmağa çalışır. Bunun arxasında duran qüvvələr bu təçkilat vasitəsi ilə hər hansı bir ölkəni öz təsiri altına almağa çalışır. Azərbaycanda demokratiya Azərbaycan vətəndaşlarının maraqlarına görə qurulub. Həm Azərbaycan təcrübəsindən, həm xarici təcrübədən görmək olar ki, Azərbaycanda demokratik prinsiplərin möhkəm oturuşması üçün dövlət daima səy göstərir. Azərbaycanda azad mətbuat var, insan hüquqları qorunur, azad cəmiyyət var. İnsanlar sərbəst şəkildə fikirlərini ifadə edə bilirlər. Bu baxımdan "Freedom House” təşkilatının yanaşması qərəzlidir”.
"Qafqaz ölkələrində bizdə olduğu qədər siyasi məhbus yoxdur"

REAL Hərəkatının icra katibi Natiq Cəfərli isə təəssüflənir ki, qonşularımıza və rəqiblərimizə bu göstəricilərlə uduzuruq: "Azərbaycanda son zamanlar sivil toplumla, seçki ilə, siyasi məhbuslarla bağlı problemlər dünya mətbuatında kifayət qədər işıqlandırılır. Qonşumuz olan Qafqaz ölkələrində bizdə olduğu qədər siyasi məhbus yoxdur, sivil toplumun fəaliyyəti üçün bu qədər qadağalar yoxdur, mətbuat azadlığını məhdudlaşdıran addımlar yoxdur. Əgər ölkədə QHT-lərin fəaliyyəti ilə bağlı qanunlara çox ciddi neqativ dəyişikliklər olunubsa və fəaliyyətləri demək olar ki, məhdudlaşdırılıbsa, ölkədə bunla bağlı problemlər yaşanırsa, ölkədə onlarla siyasi məhbus varsa, məsələn, İlqar Məmmədov artıq 4 ildir ki, həbsdədir və Avropa İnsan Haqlarının qərarı yerinə yetirilmirsə, təbii ki, Azərbaycanın göstəriciləri belə aşağı olacaq. Təəssüf ki, qonşularımıza və rəqiblərimizə bu göstəricilərlə uduzuruq. Belə hesabatların yayılması həm ölkənin imici nöqtəyi nəzərindən, həm dünyada cəlbediciliyi nöqteyi-nəzərindən Azərbaycana çox mənfi təsir göstərir. Bizim hökumət nümayəndələri bu tip hesabatlara ciddi fikir vermirlər”.
Böyük Britaniya və Birləşmiş Ştatlarda populist qələbələr Soyuq müharibədən sonrakı dünya düzənini silkələyib, Avropa və Avrasiyada sabitsizlik qorxularını artırıb. Bunu "Freedom House" insan haqları təşkilatı aprelin 4-də açıqladığı "Keçid ölkələri 2017" (Nations in Transit 2017) hesabatında bildirir. Sayca 22-ci olan illik hesabatda Mərkəzi və Şərqi Avropa, Balkanlar və Avrasiyada demokratiyanın durumundan söz açılır.
Ölkələr 1-7 bal üzrə dəyərləndirilib, 1 ən yüksək, 7 ən aşağı göstərici sayılır.
Azərbaycan seçki prosesi, vətəndaş cəmiyyəti, müstəqil media, milli demokratik idarəçilik, məhkəmə qanunvericiliyi və müstəqilliyi, korrupsiya kateqoriyaları üzrə 7, bircə yerli demokratik idarəçilik üzrə 6.50 bal toplayıb. Bu göstəricilər əsasında hesablanan demokratiya balı isə 6.93 olub. Ötənilki bal 6.86 idi, yəni son bir il ərzində geriləmə qeydə alınıb.
Müqayisə üçün Gürcüstanın demokratiya balı 4.61, Ermənistanda 5.39-dur.
Builki hesabatın parlaq örnəkləri Ukrayna, Rumıniya və Kosovodur. Bu ölkələrdə struktur islahatlar gerçəkləşdirilib.
Alya A.












