Baş Prokurorluq: "Kəlbəcəri tərk edən zaman həmin əraziləri minalayıblar"

Baş Prokurorluq:

07-06-2021 17:14 / Bu xəbər 1327 dəfə oxundu

Jurnalistlərin həlak olduğu mina partlayışının detalları açıqlanıb

İyunun 4-də media və dövlət qurumlarının əməkdaşlarının olduğu avtomobilin Kəlbəcərdə minaya düşməsi ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanıb.

Məlumatı Baş Prokurorluq yayıb.

Kəlbəcərin Susuzluq kəndində mina partlayışı nəticəsində 3 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.

Ölənlərin biri AzTV-nin operatoru Sirac Abışov, digəri AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və rayon icra hakimiyyəti başçısının Susuzluq kəndi üzrə nümayəndəsinin müavini Arif Əliyevdir.

Prokurorluq bildirir ki, bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində hadisənin baş verməsi ilə əlaqədar əsassız və dəqiqləşdirilməmiş məlumatlar yayılır. Odur ki, hadisənin baş vermə səbəbləri və mexanizmi barədə bəzi nüanslara diqqət çəkmək istəyirlər: "Əvvəla aparılan ilkin istintaqla müəyyən edilib ki, hadisənin baş verdiyi əraziyə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti tam təmin olunduğundan, işğaldan azad olunduqdan sonra ora düşmən təxribat qruplarının sızması və orada mina basdırması istisna edilir. Hadisə yerinə mütəxəssislərin iştirakı ilə keçirilmiş baxış zamanı 240 x 230 sm ölçülərində 97 sm dərinliyində çuxur və 1 ədəd tam yararsız hala düşmüş "KamAZ” markalı sərnişin avtomobili tapılıb”.

Hadisənin başvermə səbəblərinə gəldikdə, prokurorluq deyir ki, partlayış sahəsinin ölçülərinə və partlayış yerinin görünüşünə görə, 60-97 sm dərinliyində basdırılmış tank əleyhinə 1 ədəd mina olub: "Partlayış yerində minanın heç bir qalığının aşkar olunmaması ilə müəyyən edilir ki, partlayış zamanı istifadə olunan mina plastmas, parça və ya korpussuz tipli tank əleyhinə minaya aid olmuş, fuqas (zirehdələn) tipli, tank və zirehli texnikaların tırtılına qarşı istifadə olunmaqla yollarda və texnikaların hərəkət edə biləcəyi yerlərdə qurulması üçün nəzərdə tutulub”.

Baş Prokurorluq ehtimal edir ki, partlamış mina tank əleyhinə TM-62P2, TM-62P3, TM-62T və ya TM-62B tiplidir (eyni qrupa daxil olan) və üzərindən avtobusun keçməsi nəticəsində partlayıb: "Həmçinin müəyyən edilib ki, erməni qanunsuz silahlı birləşmələri işğal zamanı qeyd edilən yoldan döyüş mövqelərinin təminat yolu kimi istifadə edib. Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalayıblar”.

Prokurorluq cinayət işi üzrə istintaqın davam etdiyini və işin gedişatı barədə ictimaiyyətə əlavə məlumatın veriləcəyini bildiriblər.