Bəxtiyar Hacıyev aclığın 8-ci günü: 4.5 kq çəki itirib - Vəkili danışıb

Bəxtiyar Hacıyev aclığın 8-ci günü: 4.5 kq çəki itirib - Vəkili danışıb

22-12-2022 00:53 / Bu xəbər 1137 dəfə oxundu

"Bəxtiyar Hacıyev bugün həkim müayinəsindən keçib. Bildirir ki, təcridxanaya daxil olan gün çəkisi 84,5 olub, bu gün 80 kilodur, yeddi günə 4,5 kilo çəki itirib".

Bunu həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevin vəkili Şəhla Hümbətova deyib.

O bildirib ki, Hacıyevin ev dustaqlığına buraxılmamasına dair qərardan şikayətə dekabrın 23-də, saat 10:25-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

"Avropa Məhkəməsi Məhkəmə Qaydalarının 39-cu maddəsi ilə dünən göndərilmiş müvvəqqəti məcburiyyət tədbirlərinə dair ərizəyə əsasən hökumətə suallar göndərib: aclıq aksiyası, səhhəti, həyatının təhlükəsizliyi", - deyə vəkil bildirib.

Bəxtiyar Hacıyev artıq 8-ci gündür ki, aclıq aksiyasını keçirir. 

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. 

Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. 

İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. 

O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. 

O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qalıb. 

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.