Qiyas İbrahimin həbsi daha iki gün artırıldı

Qiyas İbrahimin həbsi daha iki gün artırıldı

24-06-2023 16:21 / Bu xəbər 1397 dəfə oxundu

İctimai fəal yeni maddə ilə cəzalandırıldı

İyunun 22-də polisə müqavimət ittihamıyla 30 sutka inzibati həbs cəzası verilən ictimai fəal Qiyas İbrahim iyunun 24-də yenidən məhkəmə qarşısına çıxarılıb.  

Bu dəfə o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet resursuna qadağan olunmuş məlumatların yerləşdirilməsi) maddəsilə ittiham olunurdu.

Əslində ictimai fəal həbs olunduğu gün DİN məlumatında onun hər iki maddə üzrə saxlanıldığını yazmışdı. Lakin məhkəmə qətnaməsində maddələrdən biri – polisə müqavimət (maddə 535.1) qeyd olunduğundan, o, təkrar məhkəmə önünə çıxarılır.

Qiyas İbrahimin işinə iki gün əvvəl olduğu kimi, yenə də Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirli baxıb. 

O, bu dəfə də ictimai fəalı təqsirli hesab edib və əvvəl kəsdiyi 30 günlük cəzanı da birləşdirməklə, Qiyas İbrahimovun üzərində 32 günlük inzibati həbs cəzası saxlayıb.

Məhkəmədə ictimai fəalın hüquqlarını vəkil Elçin Sadıqov müdafiə edib. 

O, müvəkkilinə qarşı ittihamın əsassız olduğunu vurğulayıb. Məhkəmədən inzibati xəta işinə xitam verilməsini istəyib.

Qiyas İbrahim bildirib ki, həbsinin səbəbi sosial media hesabındakı paylaşımlarıdır. 

Ondan yazdığı statusu silməsini tələb etsələr də, bundan imtina edib. Bu üzdən gəlib onu evlərindən aparıblar.

Qiyas İbrahim vurğulayıb ki, iki gündür həbsdə quru aclıq edir. O həm qida, həm də su qəbulundan imtina edib. Səbəb təkcə özünün həbsi deyil. 

O, ümumiyyətlə, Söyüdlü hadisələrindən sonra həbs olunan hər kəsin azadlığa buraxılmasını tələb edir.

Həbs olunanlar arasında Söyüdlü sakinləri ilə yanaşı, ictimai fəallar da var. Məsələn, Söyüdlü hadisələrinə etiraz olaraq, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvlərindən biri Elmir Abbasov polislər haqqında status paylaşmışdı. Həmin paylaşımdan sonra Elmir Abbasov polisə müqavimət ittihamıyla həbs olundu. 

Elmir Abbasovun məhkəməsi gedən anlarda Qiyas İbrahim "Facebook” hesabında Söyüdlü hadisələri, Elmir Abbasovun həbsi və s. olaylarla bağlı status yazmışdı.

İctimai fəalın anası Şura Əmiaslanovanın Meydan TV-yə bildirdiyinə görə, bundan az sonra evlərinə polis gələrək, həmin statusun silinməsini tələb edib. Lakin Qiyas İbrahim statusu silməkdən imtina edib: "Telefonu da tapa bilmədilər. Qiyası götürüb apardılar və həbs edlədilər…”.

Qiyas İbrahim haqqında 30 günlük həbs qərarında isə səbəb kimi, onun küçədə söyüş söydüyü, polis əməkdaşlarının onu intizama dəvət etdiyi, lakin onun tabesizlik göstərdiyi, bu səbəbdən saxlandığı göstərilib.

Qiyas İbrahim 2016-cı ildə digər gənc fəal Bayram Məmmədovla birlikdə mərhum prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!” yazandan sonra narkotik ittihamıyla həbs olunmuş, onların hər birinə 10 il həbs cəzası kəsilmişdi. 

Təxminən 3 il sonra onlar əfv sərəncamıyla azadlığa buraxıldılar. 

"Amnesty İnternational” onları "vicdan məhbusu” elan etmişdi.(Meydan TV)