Qubad İbadoğlu saxlanılıb, cinayət işi açılıb (Yenilənib)

Qubad İbadoğlu saxlanılıb, cinayət işi açılıb (Yenilənib)

23-07-2023 22:24 / Bu xəbər 1395 dəfə oxundu

Qubad İbadoğlunun qızı Jalə Bayramovanın yazdığına görə, ofisdən güya 40 min dollar pul çıxarıblar:
 
"Onun saxta və ya gerçək olduğu bilinmir. Təbii ki, polislər pulu özləri yerləşdiriblər”.

"Atam xəstədi, dərmanlarını soruşur və dərmanlarına ehtiyacı var. Saat 1-2dən bəri saxlanılıb, dərmanlarını ata bilməyib. Biz ondan çox narahatıq”, - deyə Bayramova əlavə edib.

***

ADR İdarə Heyəti Qubad İbadoğlunun saxlanılması ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, konkret səbəb göstərilməsə də, Qubad İbadoğunun saxlanılması ictimai-siyasi fəaliyyəti ilə baglıdır: "Hakimiyyətin "Siyasi partiyalar haqqında” qəbul etdiyi yeni mürtəce qanunu, eyni zamanda, Qubad İbadoğlunun siyasi və iqtisadi siyasəti əsaslı şəkildə tənqid etməsi həmişəonu hədəfə gətirib. İyunun 27-də Londonda İngiltərə və Uelsin Xeyriyyə Komissiyasında qeydiyyatdan keçən "Azərbaycan Gənclərinin Təhsil Fondu” (AGTF) -nin fəaliyyətə başlaması ilə də hakimiyyət təmsilçilərinin hədəfinə çevrilib. Elə bu səbəblə də son günlər Qubad İbadoğlu haqqında hakimiyyət təmsilçiləri tərəfindən qarayaxma kampaniyasına start verilib”.

Bəyanatda baş verənlər rejimin qanunsuz əməllərinin mərkəzləşdirilmiş qaydada və planlı şəkildə icra olunduğuna ciddi əsas yatmaqla yanaşı ölkənin imicinin beynəlxalq səviyyədə tənqid olunmasına rəvac verəcək bir addım kimi qiymətləndirilir.

ADR İdarə Heyəti hakimiyyətin bu davranışını siyasi opponentləribə qarşi repressiya kimi dəyərləndirir və Qubad İbadoğlunun dərhal azad edilməsini tələb edir.

***

DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov Meydan TV-yə deyib ki, Q.İbadoğlunun həyat yoldaşı saxlanılmayıb, iddialar əsassızdır.

***

Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Meydan TV-yə bildirib ki, qardaşına qarşı Anar Əliyev adlı şəxs ifadə yazıb, guya ona saxta dollar verib, sonra ifadəsini dəyişib: "Mənə də bu haqda vəkil Zibeydə Sadıqova söylədi, hələ araşdırma gedir, daha dəqiqi bundan sonra bilinəcək”.

***

Ellada Məmmədovanın sözlərinə görə, Qubad İbadoğluna qarşı cinayət işi açıblar: "Bu barədə mənə qardaşı Qalib Toğrul dedi. Hazırda Qubad bəyi ofisə aparırlar, orda axtarış aparılacaq. Xanımın iştirakıyla da mənzilində axtarış aparılacaq”.

***

Qubad İbadoğlunun ofisində axtarış aparılır. Bu barədə sosial şəbəkələrdə yayılan məlumatı Ellada Məmmədova təsdiqləyib.

E.Məmmədova Q.İbadoğlunun qardaşının hadisə yerində olduğunu da söyləyib. 

***

İqtisadçı Sumqayıta gedərkən saxlanılıb

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ("Bandotdel”) aparıldığı bildirilir.

Bu barədə Qubad İbadoğlunun qızı Jalə Bayramova məlumat yayıb. Jalə Bayramova atasının Sumqayıta gənclərlə görüşə gedərkən saxlanıldığını deyib.

Jalə Bayramovanın sözlərinə görə, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində atasından ofisin açarını istəyirlər: "Güman ki, Xoyski 111a, mənzil 23-də yerləşən ofisə nəsə atmaq məqsədi güdülür”.

Partiyanın İdarə Heyətinin üzvü Ellada Məmmədova xəbəri təsdiqləyib.

E.Məmmədova Q.İbadoğlunun saat 1-2 radələrində Novxanı-Sumqayıt yolunda həyat yoldaşı ilə birgə saxlanıldığını bildirib.

Onun sözlərinə görə, vəkil Zibeydə Sadıqovaya bu barədə məlumat verilib: "Ancaq Qubad bəyin qardaşları Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getsələr də, onlara deyiblər ki, orada yoxdur”.

DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov Meydan TV-yə bildirib ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib: "Araşdırma aparılır, əlavə məlumat veriləcəkdir”.