Qubad İbadoğlunun apelyasiya şikayəti təmin edilməyib
28-07-2023 21:57 / Bu xəbər 928 dəfə oxundu
Məhkəmə iqtisadçını həbsdə saxladı
İyulun 28-də Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu haqqında həbs qərarından verilmiş şikayətə baxılıb.
Hakim Mirzəli Abbasovun sədrliyilə keçirilən qapalı məhkəmə prosesində Qubad İbadoğlu özü də iştirak edib.
O, saxta pul ittihamın tamamilə əsassız olduğunu bildirib. Deyib ki, Bakıya gələndə gömrükdən keçib, üzərində saxta pul olmayıb.
Qubad İbadoğlu təqsirsiz olduğunu vurğulayıb.
O əlavə edib ki, uzun müddətdir xaricdə işlədiyinə görə anasını görmürdü. İyulun əvvəlində anasını görmək üçün Azərbaycana gəlmişdi: "Həm də Füzulidəki evimizi görməyə getmək istəyirdim. Çünki işğaldan azad olunub, ora getməyi planlaşdırırdım”.
Onun vəkilləri Zibeydə Sadıqova, Fəxrəddin Mehdiyev və Bəhruz Bayramov da ittihamın əsassız olduğunu deməklə yanaşı, istintaq dövründə onun həbsdə saxlanması üçün əsas olmadığını da əlavə ediblər. Vəkillər bildirib ki, Qubad İbadoğlu Böyük Britaniya universitetində dərs deyən professordur. Onun həbsinə beynəlxalq reaksiyalar var.
"Onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur. Tanınmış professordur. Səhhətində ciddi problemlər var. Onun istintaqdan yayınmaq niyyəti yoxdur”, – vəkillər belə deyib.
Müstəntiq isə apelyasiya şikayətinə etiraz edib. O bildirib ki, onun azadlıqda qalması istintaqın gedişinə mane ola bilər.
Qısa müşavirədən sonra apelyasiya şikayətinin təmin olunmadığı elan olunub.
Vəkil Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət edəcək.
Qubad İbadoğlu iyulun 23-də həbs olunandan indiyə qədər ailə üzvlərilə nə görüşə, nə də telefonla danışa bilib. Vəkil bildirib ki, bununla əlaqədar istintaq orqanına sorğu göndəriləcək.
Müdafiəçi Qubad İbadoğlunun dərmanlarla təmin olunması məsələsinə də toxunub: "Qubad bəy kamera şəraitində saxlanılır. Ora dərman buraxılmır. Lakin lazım olan dərmanlar vermək üçün Qubad bəy təcridxanada gətirilir, ona verilir”.
Qubad İbadoğlu iyulun 23-də həyat yoldaşıyla birlikdə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ertəsi gün – iyulun 24-də Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib. Apelyasiya şikayəti də həmin qərardan verilmişdi.
Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur. Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.
Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.
Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.
Qubad İbadoğlu saxlandıqdan sonra onun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb.
Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. Lakin ADR sədri bildirib ki. həmin pulun ona heç bir aidiyyəti yoxdur. Həmin məkan rəsmən onun adına olsa da, uzun illərdir ki, oradan istifadə eləmir.
Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən şəxsən Prezident İlham Əliyevin sifarişi ilə həbs olunduğunu bildirib.