Bəxtiyar Hacıyev aclıq aksiyasını davam etdirir
06-02-2023 20:40 / Bu xəbər 1006 dəfə oxundu
Məhbus ictimai fəal Bəxtiyar Hacıyev Bakı İstintaq Təcridxanasının tibbi bölümündə aclıq aksiyasını davam etdirir.
Fevralın 5-də qardaşı ilə telefonla danışan məhbus gərəkli tibbi yardım almaq üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmək arzusunda olduğunu, ancaq buna razılıq verilmədiyini deyib.
Səhhəti çox ağırlaşsa da, Bəxtiyar Hacıyev aclığı dayandırmaq istəmir.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn fevralın 6-da açıqlama yayaraq Bəxtiyar Hacıyevin həyatına yaranmış təhlükədən narahatlıq ifadə edib: "Bəxtiyar Hacıyevin dərhal azad edilməsi zəruridir. Siyasi məhbuslara azadlıq!”
AXCP sədri Əli Kərimli də Bəxtiyar Hacıyevin həyatına real təhlükə olduğunu yazır: "Bəxtiyar bəy hər an komaya düşə bilər. Rejim bu mənasız tərslikdən əl çəkməli, Bəxtiyar bəyi dərhal azad etməlidir”.
2022-ci il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçmiş Xətai Rayon Məhkəməsi 2023-cü il yanvarın 21-də həbs müddətini fevralın 28-dək uzadıb.
Bəxtiyar Hacıyevə xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. İstintaqı aparan Bakı Şəhər Baş Polis İdarəsinin iddiasına görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb.
Fəal ötən il dekabrın 15-dən 29-dək Bakı İstintaq Təcridxanasında azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirib, bu il yanvarın 9-dan yenidən aclıq edir.
Bəxtiyar Hacıyevin həbsindən, həbs müddətinin uzadılmasından Bakı Apellyasiya Məhkəməsinə şikayətlər, eləcə də həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi, əmlak girovu ilə azadlığa buraxılması cəhdləri fayda verməyib.
Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunu olan 1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.(Turan)












