Beyləqan yolları yarım milyonu necə "yedi"?..

Beyləqan yolları yarım milyonu necə

19-11-2023 10:39 / Bu xəbər 1130 dəfə oxundu

Beyləqan Rayon İcra Hakimiyyəti "Aztimont” ASC ilə satınalma müqaviləsi imzalayacaq.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 129 419,57 AZN olan müqavilədə Beyləqan şəhər yollarının əsaslı təmiri nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Aztimont” ASC 20 iyul 2005-ci ildə qeydiyyata alınıb. 

Nizamnamə kapitalı 50 432 AZN olan şirkətin hüquqi ünvanı Sabirabad rayonu Qalağayn kəndində yerləşir. 

ASC-nin qanuni təmsilçisi Veysəlov Nəriman Mikayıl oğludur.

"Aztimont” ASC yarananda adı "Sabirabad Tikinti-23” ASC olub. 

Daha sonra ASC-nin adı dəyişdirilib və şirkət bir müddət "Azərtikinti-Quraşdırma-Servis-23” ASC adı altında fəaliyyət göstərib.

Maraqlıdır ki, şirkət cari ilin iyun ayında Beyləqan Rayo İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. 

Tender yolların əsaslı təmiri ilə bağlı keçirilib. 

Tərəflər arasında maliyyə dəyəri  437 175,6 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb. 

Kiçik bir rayonun yollarının təmirinə yarım milyonun bəs etməməsi bir qədər inandırıcı görünmür. Bu halda yenidən eyni şirkətlə yolların təmiri ilə bağlı 129 min manatlıq müqavilə baəlanması bir qədər şübhəli görünür. 

Digər tərəfdən, "Aztimont” ASC ötən ayın sonunda Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin keçiridyi tenderin qalibi olub. 

Tender Şirvan şəhərinin yollarının əsaslı təmiri ilə bağlı keçirilib və təklifin məbləği 578 616,13 AZN olub. 

"Aztimont” ASC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Şirkətin veb-səhifəsinə belə, rast gəlinmir. Bu isə "Aztimont” ASC-nin maddi-texniki bazasının görüləcək işləri icra etmək üçün yetərli olmasına şübhələr yaradır. 

Hər halda şirkət həm Şirvanda, həm də Beyləqanda yolları təmir etməlidir. Bu, yalnız maddi-texniki cəhətdən kifayət qədər güclü olan şirkətlərin işidir. 

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevdir. 

O, 2018-ci ildə bu vəzifəyə təyinat alıb.