Biçarə atalar...
05-03-2024 11:31 / Bu xəbər 1618 dəfə oxundu
Miri Rəsulzadə
Bəzən insan uzun müddət verə bilmədiyi sualdan dünyasını dəyişir. O sualların qurbanı olur. Bilirsiz nə qədər adam özünü bu suallardan asıb? Məsələn, hər evə qayıdanda uşağına ürəkdən "ata sənə nə alsın?" deyə bilməyən atalar var haa, onların çoxu ürəkdən gedir, qəfil gedir, kirmişcə gedir.
Elə ataların 50-60 yaşı olsa da heç kim iş yerində ona "əmi", "dayı" demir. Hamı adıyla çağırır. Elə ataların gözü daim yol çəkir, fikirli olur. Onun elədiyi zarafatlar heç kimin üzünü güldürmür.
O ataların avtobus kartında uzağı 1-2 gedişlik pul olur. Nədənsə həmin atalar işə heç vaxt gecikmir. Heç vaxt acmır, həmişə tox olur. İş saatı o qədər çox olur ki, xeyirə-şərə həmişə yoldaşı gedir. Uşağı gəzməyə, həkimə özü aparmır. Həmin atalar çox vaxt həkimin yazdığı resepti yarımçıq alır.
Elə ataların çox vaxt oğlu da olmur ki, böyüyüb bir işin qulpundan tutsun, ona kömək olsun. Elə atalar ayın tarixini, həfətənin gününü yadda saxlaya bilmir. Saatın əqrəbləri də candərdi fırlanır həmin ataların qolunda. Arzuları kimi pencəyi də böyük olur əyninə. Elə atalar hamıya qahmar çıxır. Həmişə cib dəsmalının, bir də ütülü köynəyinin xəttində təsəlli tapır.
Biçarə atalar, heysiz atalar, yazıq atalar...
Həmin ataların öz ətri olur. 3-5 il geymədiyi paltardan da o qoxu gəlir. Çox vaxt o ətir də ona öz atasından miras qalır. Həmin ataların cibindəki daraq da özünü dünyanın ən tənha əşyası hiss edir. Elə ataların uşaqları ilə də çox şəkli olmur. Elə atalar heç vaxt xəstələnmir.
Elə atalar qızının elçiliyində də, toyunda da çox danışa bilmir. Ürək sözləri yadından çıxır. Ömrünün sonuna kimi qovulmuş şeytandan Allaha pənah aparır. Elə atalar qızını heç vaxt özü ərə vermir.
Telefonları kodda olmur elə ataların, telefonunda həmişə kontur olur. Elə ataların kontaktında çox az adam olur. O da yaxın qohum əqrəbası. Elə ataların xətti çox gözəl olur.
Elə atalar ölümə könüllü yazılır. Elə atalar dünyadan hamıdan yaxşı köçür.
Ümumiyyətlə belə ata olmur. Belə ataların kölgəsi də yorğun olur. Belə atalar azarkeş olur, uşaqlarının həyatına uzaqdan baxır, alqışlayır.
Mübarək atalar, nigaran atalar, gözəl atalar...