Cəmil Həsənli: “Rusiya hərbi kontingenti Azərbaycandan çıxarılmalıdır”

Cəmil Həsənli: “Rusiya hərbi kontingenti Azərbaycandan çıxarılmalıdır”

15-04-2024 18:10 / Bu xəbər 418 dəfə oxundu

Demokratik Qüvvələrin Milli Şurasının mitinq qərarı onunla əlaqədardır ki, beş ildən çoxdur hökumət vətəndaşların sərbəst toplaşmaq azadlığı hüququndan istifadə etməsinə imkan vermir. 

Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli aprelin 21-də Bakıda mitinq keçirilməsilə bağlı müxalifətin qərarını "Amerikanın səsi" radiosunun Azərbaycan xidmətinə şərh edərkən bildirib.

"Ölkədə siyasi məhbusların sayı 289 nəfərə çatıb. Siyasi baxımdan sonuncu dəfə prezident seçkiləri keçirildi və başdan-ayağa qədər saxtalaşma oldu. Seçki Azərbaycan xalqının iradəsini təmin etmədi. Ona görə də azad seçki tələbinə çox böyük zərurət var. İnsan haqları ilə bağlı kütləvi pozuntular və digər səbəblər var. Azərbaycan nümayəndə heyətini Avropa Şurasında mandatdan (bir il müddətinə səsvermə hüququndan-red.) məhrum ediblər. Bu da ciddi səbəblərdən biridir. Hökumət hesabat verməlidir ki, bu niyə baş verib?”, - o qeyd edib.

Həsənli mitinqin keçirilməsini zəruri edən səbəblərdən birinin də sosial tələblər olduğunu deyib:"Azərbaycan yerləşdiyi coğrafiyada və dünyada uşaq pulu verməyən tək ölkələrdən biridir. Bizim əhatəmizdə olan bütün ölkələr, hətta məğlub Ermənistan, qonşu Gürcüstan, Türkiyə, İran, Mərkəzi Asiya respublikalarının hamısı uşaq pulu verir. Bu halda Azərbaycan uşaqlarının günahı nədir? Adambaşına düşən illik gəlirə görə Azərbaycan istisnasız olaraq qonşu ölkələrin hamısından aşağıdadır. Belə bir halda Azərbaycan niyə uşaq pulu verməməlidir? Ciddi sosial problemlər var. Sığorta sistemi işləmir, kənd təsərrüfatı ağır vəziyyətdədir”.

O ümumiləşdirərək deyib ki, ölkədə əsasən üç sahədə - siyasi, sosial və humanitar sahədə problemlər var.

"Milli Şura bunları nəzərə alaraq mitinq təyin edib. Yəni, Azərbaycan hakimiyyətinin kütləvi aksiyaları qadağan etməsi daimi davam edə bilməz”, - o deyib.

Milli Şuranın sədri Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasını vacib sayır: "Faktiki olaraq ermənilər Azərbaycan ərazisini tərk edəndən sonra Rusiya ordusunun Azərbaycanda qalmasının anlamı nədir? Hökumət bunun normal izahını verməlidir. Bir müddət uydurdular ki, onlar guya ermənilərdən müsadirə olunan silahları saxlayırlar. Guya bu silahları saxlamağa Azərbaycanın hansısa bir batalyonu yoxdur? Bunu gərək hökmən rus kontingenti saxlasın? İndi də belə bir tezis ortaya atıblar ki, guya bu sülhməramlılar Xocalı və ətraf ərazilərdə minaların təmizlənməsi ilə məşğul olacaq. Əvvəla mina təmizlənməsi üçün xüsusi hazırlığı olan yarımhərbi təşkilat lazımdır". 

"Bizim bildiyimiz qədər, elə hamının bildiyi qədər bu kontingentdə xidmət edənlərin belə bir hazırlığı yoxdur. Yəni bunlar sülhməramlı konringent adı ilə gəlib və onların funksiyası tamamilə başqadır. Bunlardan guya mina təmizləyən kimi istifadə etmək Azərbaycan hakimiyyətinin Azərbaycan xalqına dediyi yalanlardan biridir. Sadəcə bu, rus qoşununu Azərbaycanda saxlamaq cəhdidir. Biz bunu ona görə mitinqin tələblərinə salmışıq ki, Azərbaycan haklimiyyəti izahat versin. Rus qoşununun Azərbaycanda qalma səbəbi aradan qalxdığı halda bu qoşunları niyə indiyədək ölkədə saxlayır. Bu, ölkənin təhlükəsiziliyilə bağlı məsələdir”, - o qeyd edib.

Cəmil Həsənli deyib ki, mitinqin keçirilməsinə şərait yaradılmasa, Bakı Şəhər İcra Hakimiyyətinin cavabına uyğun olaraq müvafiq qərar qəbul ediləcək.