COP29-a hazırlaşan nazir Vəndam meşələrindəki qırıntıya niyə göz yumur?

COP29-a hazırlaşan nazir Vəndam meşələrindəki qırıntıya niyə göz yumur?

25-02-2024 17:24 / Bu xəbər 1497 dəfə oxundu

Qəbələ rayonunun Vəndam meşələrində kütləvi qırıntılar qeydə alınıb.

Məlumatı "Aztoday.az" yayıb. 

Bildirilir ki, Vəndam meşəbəyliyinin sahə rəisi Kənan Fətullayev və regional idarənin direktoru Əkrəm Babayevlə əlbir olaraq meşələrə qənim kəsiliblər.

Məlumatlarda bildirilir ki, Orman restoranının qarşısında qırma sahəsində təxminən 40-45 ağac əvəzinə 60-dan artıq ağac kəsilib, xəstə çürük ağaclar sağlam ağaclarla yerdəyişmə edilərək məhv edilib. 

Həmçinin meşə gözətçisi Ramin Əsgərovun ərazisindəki qırma sahəsində xeyli sayda ağac yerdəyişmə olunub, təxminən 450 ağac əvəzinə minlərlə ağac kəsilib. 

Əksəriyyəti sağlam palıd və fısdıq ağaclarıdır. 

Meşə gözətçisi Qəndil Etibarlının ərazisində qırma sahəsi olmasa da, sağlam palıd ağaclarına nömrələr yazılıb kəsilib, kökdən cıxarılaraq daşıyıblar: "Soruşduqda deyirlər ki, külək yıxıb. Həmin ərazi Nohurgölün yaxınlığı Güllüburun deyilən yerin dağ hissəsidir. Rahim Əhmədovun gözətcilik etdiyi ərazidə 2 suqarışan ərazidə qırma sahəsi olmadığı halda xeyli ağac kəsilib. Amma heç bir tədbir görülməyib. Nemət adlı gözətçinin ərazisindəki qırma sahəsində çürük ağaclar əvəzinə yerdəyişmə edərək sağlam ağaclar qırılıb. Yoxlamalar gəlir, amma heç biri həmin ərazilərə getmir, kabinetdə öz işlərini görürlər. Kənan Fətullayev əvvəllər dəfələrlə qırıntıya görə cərimələr verir, özü ağackəsmə və satışı ilə məşğuldur. Ona qarşı heç bir tədbir görülmür”.

Kənan Fətullayev meşələrdəki qırıntılara görə hazırda həbsdə olan Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru İlqar Qəribovun qohumudur. 

İlqar Qəribovun vaxtından Kənan Fətullayev meşələrin qənimi sayılıb. 

Regionda fəaliyyət göstərən əksər ağac sexlərinin rəhbərləri Kənan Fətullayevi tanıyır. 

Vəndam meşələrində baş verən kütləvi qırıntılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi münasibət bildirməyib. 
 
COP29 Azərbaycanda...

Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək.

COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur.

BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi elan ediləndən bəri rəsmi Bakı hazırlıq işlərinə çox da vaxt qalmadığını və işlərə start verdiyini bildirib.

Azərbaycanın ekologiya naziri Muxtar Babayev ölkədə keçiriləcək COP29 danışıqlarının prezidenti elan olunub.

Artıq ikinci ildir ki, neft sənayesində böyük təcrübəsi olan bir nazir qlobal iqlim dəyişikliyi danışıqlarına rəhbərlik edəcək.