CPJ: "Ekoloji aksiyanı çəkən jurnalistlər saxlanılıb və döyülüb"
02-07-2023 01:00 / Bu xəbər 992 dəfə oxundu
Mərkəzi ofisi Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycanda jurnalistlərə təzyiqlərlə bağlı açıqlama yayıb.
"Azərbaycan hakimiyyəti jurnalistlərin etirazları maneəsiz işıqlandıra bilməsini təmin etməli və mətbuat nümayəndələrinə qarşı polis zorakılığı ilə bağlı xəbərləri araşdırmalıdır", - deyə təşkilat iyunun 30-da yaydığı açıqlamada qeyd edib.
CPJ Gədəbəyin Söyüdlü kəndində sakinlərin etiraz aksiyasını işıqlandıran jurnalistlərin təzyiqə məruz qalmasına xüsusi diqqət çəkir.
Jurnalistləri Müdafiə Komitəsi 6 jurnalistin dediyinə və reportajlarına istinad edib.
Təşkilat bildirib ki,iyunun 22-dən bəri Söyüdlü kəndinin qərbində ətraf mühitlə bağlı etiraz aksiyaları haqqında reportaj hazırlayan azı 6 jurnalist Azərbaycan polisi tərəfindən saxlanılıb, döyülüb, təhdid edilib və ya başqa üsullarla işlərinə mane olunub.
Jurnalistlərdən heç biri həbsdə qalmayıb.
İyunun 20-də yerli qızıl mədəninə qarşı etirazların başlanmasından sonra polis iyunun 22-dən etibarən Söyüdlüyə girişi əngəlləyib, yalnız sakinlərə və hökumətyönlü media orqanlarına icazə verib.
CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid məsələni belə şərh edib:
"Azərbaycan hakimiyyətinin davam edən ekoloji etirazları işıqlandırmaq cəhdləri və bu senzuranın tətbiqində polis vəhşiliyi iyrəncdir və dərhal dayandırılmalıdır. Hakimiyyət bütün jurnalistlərə xəbər dəyərində olan hadisələr haqqında məlumat verməyə icazə verməli və polis zorakılığı və mətbuat mənsublarına qarşı təhdidlərlə bağlı bütün iddiaları şəffaf şəkildə araşdırmalıdır".
Açıqlamada bildirilir ki, "Amerikanın səsi" radiosunun əməkdaşı Nigar Mübariz, ümumilikdə 10.000-ə yaxın izləyicisi olan, "Facebook" və "TikTok" hesablarında idman və sosial mövzuları işıqlandıran Elsevər Muradzadə, həmçinin "Abzas Media"nın əməkdaşı Nərgiz Absalamova iyunun 22-də təzyiqlə üzləşib, polis onların Söyüdlü kəndinə girişinə icazə verməyib.
Jurnalistlərin dediklərinə görə, onlar kəndə başqa marşrutla daxil olub və reportaj hazırlayarkən iki uniformalı polis əməkdaşı və mülki geyimli 7-8 nəfər tərəfindən saxlanılıb və telefonları əllərindən alınıb.
Nigar Mübariz dəfələrlə telefonunu geri tələb etdikdə mülki geyimli şəxslərdən biri əli ilə onun ağzını bağlayıb, polis əməkdaşı isə Absalamovanın qolunu burub divara itələyib.
Daha sonra polis jurnalistləri zorla polis maşınına mindirib, yaxınlıqdakı şəhərə aparıb və sonra telefonlarını geri verərək sərbəst buraxıblar.
Söyüdlüdə baş verənləri sosial şəbəkələrdəki hesablarında yayan müstəqil jurnalist Elməddin Şamilzadənin də təzyiqə məruz qaldığı bildirilir.
Bildirilir ki, o, Söyüdlüdə polislərin üzünü əks etdirən videonu dərc etdikdən sonra - iyunun 22-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən çağırılıb.
Qurum Şamilzadədən hərbi xidmətdən azad edilməsinə dair sübut tələb edib.
Jurnalist isə CPJ-yə deyib ki, 4 illik universitet təhsilinə aid sənədi 2022-ci ildə quruma təqdim edib. İndi isə qəfil istənilən sənəd tələbi təsadüfi deyil, onun reportajlarına görədir və qisas məqsədlidir.
Bu hadisədən bir gün sonra isə Bakının Yasamal rayonunda polis Şəmilzadəni saxlayıb və ondan videonu silməyi tələb edib.
Jurnalist imtina etdikdə 3 polis əməkdaşı onu yumruqla dəyənəklə vurub, saçını yolub, qarnından təpiklə vurub və zorlamaqla hədələyib.
Şamilzadə bildirib ki, təxminən 5 dəqiqə huşunu itirib və oyananda videonu "Facebook"dan silib.
Daha sonra o, Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Orada ona xəbərdarlıq edilib ki, təzyiqlər barədə mediaya danışacağı təqdirdə həbs olunacaq.
Jurnalistləri Müdafiə Komitəsi tərəfindən nəzərdən keçirilən fotoşəkillərə görə, döyülmə nəticəsində Şamilzadənin boynunda, üzündə və bədənində göyərmə və sıyrıqlar var.
"Abzas Media"nın baş redaktoru Ülvi Həsənlinin sözlərinə görə, o, "Facebook"da Absalamova, Mübariz və Muradzadəni saxlayan iki polisin şəkillərini dərc etdikdən sonra - iyunun 23-də Binəqədi rayon polisi tərəfindən çağırılıb.
Polis ondan şəkilləri silməyini tələb edib, lakin o, bundan imtina edib və 4 saatdan sonra sərbəst buraxılıb.
Həmin axşam, Həsənli Söyüdlüdəki hadisələrlə bağlı ABŞ-ın Bakıdakı səfirliyinin qarşısında etiraz edən üç azərbaycanlı fəalı canlı yayımladıqdan sonra səfirliyin təhlükəsizlik işçiləri onu binadan çıxarıb, sonra isə polis tərəfindən saxlanılıb.
Həsənli Jurnalistləri Müdafiə Komitəsinə bildirib ki, polis onu Bakının Nəsimi rayon 21 saylı Polis Bölməsinə aparıb, ona telefonunda olmayan foto və videoları silməyi əmr edib və bir saatdan sonra buraxıb.
CPJ bildirir ki, iyunun 25-də Toplum TV-nin müxbiri Fərid İsmayılov Söyüdlü ilə qonşu olan Çovdar kəndində çəiliş edərkən fəaliyyətinə mane olublar.
O, sakinlərlə müsahibə edərkən mülki geyimli iki nəfər özünü polis kimi təqdim edərək ona yaxınlaşıb, kamerasını götürməyə çalışıb və kənddən reportaj hazırlamağı qadağan ediblər.
İsmayılov öz maşını ilə qaçıb, lakin onun ardınca iki maşın rayondan çıxıb.
O, Jurnalistləri Müdafiə Komitəsinə bildirib ki, yerli məmurlar onu videoreportajlarını dərc edəcəyi təqdirdə qohumlarını işdən qovulması ilə hədələyiblər.
Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Baş Polis İdarəsinə, Yasamal, Binəqədi və Nəsimi rayon polis idarələrinə göndərdiyi elektron məktublara heç bir cavab verilməyib.
ABŞ-ın Bakıdakı səfirliyinin sözçüsü Həsənlinin binadan çıxarılması ilə bağlı Jurnalistləri Müdafiə Komitəsinin elektron sorğusuna belə cavab verib: "[23 iyun hadisəsi] rəsmi proqramın yalnız bəzi hissələri media üçün açıqdır və qeyd olunur” və "ABŞ Səfirliyi etiraz etmək hüququ və söz azadlığı da daxil olmaqla əsas azadlıqları dəstəkləyir".